Cloudlet əsaslı mobil hesablama buludlarında enerjiyə qənaət və gecikmələrin azaldılması strategiyası işlənilib 2021-03-01 17:00:00 / YENİ NƏŞRLƏR

AMEA İnformasiya Texnologiyaları İnstitutunun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərovun “Cloudlet əsaslı mobil hesablama buludlarında enerjiyə qənaət və gecikmələrin azaldılması strategiyası” (“Strategy for Reducing Delays and Energy Consumption in CloudletBased Mobile Cloud Computing”) adlı məqaləsi nüfuzlu “International Journal of Wireless Networks and Broadband Technologies” (IJWNBT) jurnalında nəşr olunub.

Məqalədə mobil qurğularda böyük hesablama və yaddaş resursları tələb edən məsələlərin həllində meydana çıxan problemləri (resurs qıtlığı və  məhdud eneryi mənbəyi) aradan qaldırmaq üçün cloudlet əsaslı mobil hesablama buludlarından istifadə edilməsi məsələsinə baxılmışdır.  Böyük  hesablama və yaddaş resursları tələb edən məsələlərin həllində mobil qurğularda meydana çıxan problemlər araşdırılmışdır. Mobil qurğuların enerji sərfiyyatına qənaət edilməsi, mobil qurğularda resurs məhdudiyyətlərini və şəbəkədəki gecikmələrin aradan qaldırılması məsələləri təhlil edilmişdir.

Tədqiqat işində, həmçinin mobil istifadəçilərin  məsələlərinin cloudletlər-də həll edilməsi mobil qurğuların batareyalarının işləmə müddətinin artmasına və şəbəkədəki gecikmələrin azalması riyazi hesablamalarla göstərilmişdir. Məsələlərin cloudlet şəbəkəsində balanslı şəkildə paylanması məsələsinə baxılmışdır. İstifadəçi məsələsini ona daha yaxın olan cloudlet-ə yükləyib və həll etsə, onda gecikmələr və enerji sərfiyyatı az olacaq. Cloudlet mobil qurğudan uzaqda olarsa əlaqə kanallarının sayının artması ilə gecikmələr və enerji sərfiyyatının artması qeyd edilmişdir. Eyni zamanda, məqalədə istifadəçinin bəzi tələblərinə uyğun cloudlet-lərin seçilməsi məsələsinə baxılmışdır. Cloudletlərin əhəmiyyətini təyin edən mümkün qiymətlərindən (istifadəçinin yaxın olması, etibarlıq göstəricisinin yüksək olması və s. şərtlərindən) istifadə etməklə istifadəçinin proqram əlavəsinin hansı cloudlet-ə yüklənməsi üçün şərtlər araşdırılmış  və  model təklif edilmişdir.

Qeyd edək ki, “International Journal of Wireless Networks and Broadband Technologies” jurnalı “ACM Digital Library”, “Cabell's Directories”, “DBLP”, “Google Scholar”, “JournalTOCs”, “ProQuest” “Computer” “Science Journals”, “ProQuest Technology Journals”, “Ulrich's Periodicals Directory”, “IET INSPEC (WoS)” kimi tanınmış bazalarda indeksləşir və referatlaşır. 

    Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2020