AzScienceNet şəbəkəsinin GEANT-ın “GN4-3” layihəsinə qoşulması üçün işlər aparılır 2021-02-04 10:37:00 / KONFRANSLAR

GEANT layihələri Avropa elektron infrastrukturunun təməl elementidir. GEANT, Milli Tədqiqat və Təhsil Şəbəkəsi tərəfdaşları ilə birlikdə istifadəçilərə hər an və hər yerdə rabitə, hesablama, analiz, saxlama, proqramlara və digər mənbələrə məhdudiyyətsiz giriş imkanı verir. Əsas məqsəd istifadəçiləri Avropadakı tədqiqat infrastrukturlarına və e-infrastruktur mənbələrinə bərabər, yüksək performanslı şəbəkə imkanı ilə çıxışını təmin etməkdir.

GEANT-2020 Çərçivə Tərəfdaşlığı Sazişinin (FPA) bir hissəsi olaraq GN4-3N layihəsi Avropa Birliyinin Horizon-2020 tədqiqat və innovasiya proqramı tərəfindən maliyyələşdirilir. H-2020 çağırışına cavab olaraq GEANT, Avropanın tədqiqat və təhsil ictimaiyyətinin yaxın 15 il ərzində ehtiyaclarını dəstəkləmək üçün hazırlanmış böyük bir layihə ilə bu şəbəkənin son 10 ildə ən əhəmiyyətli yenilənməsini həyata keçirir.

Hazırda İnformasiya Texnologiyaları İnstitununun AzScienceNet şəbəkəsinin GN4-3N layihəsinə qoşulması istiqamətində işlər aparılır. İlkin mərhələdə şəbəkə layihənin nümayəndəsi kimi qəbul olunub və üzvlüyün təsdiq olunması üçün müəyyən tədbirlər görülür.

Qeyd edək ki, layihədə 41 milli tədqiqat və təhsil şəbəkəsi, eləcə də 500-dən çox mütəxəssis  təmsil olunur.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024