Milli informasiya təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi üçün yeni modellər təklif olunub 2020-12-21 18:44:00 / MÜHÜM HADİSƏLƏR

Industry 4.0, kiberfiziki sistemlər, sosial media, interaktiv və tranzaksiya e-xidmətlər, Big data və bulud mühitləri kontekstində tamamilə yeni informasiya təhlükəsizliyi təhdidləri meydana çıxır. Bundan əlavə, ənənəvi təhdidlərin aktorları, onların məqsəd və motivisiyası, aktorların malik olduğu hücum potensialında ciddi keyfiyyət dəyişiklikləri baş verir.

Bu barədə AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev institutun 2020-ci il üzrə mühüm elmi nəticələrinin müzakirəsinə həsr olunmuş iclasda məlumat verib.

Milli informasiya təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi üçün təklif olunmuş yeni nəsil təhdidlərin aşkarlanması və qiymətləndirilməsi modelləri barədə danışan alim bildirib ki, təhdidlər konkret hədəflərə yönəlməklə yüksək səviyyədə təşkil və koordinasiya edilir, yeni hücum taktikaları və strategiyaları tətbiq edirlər. İnformasiya texnologiyalarının inkişafı ilə kiber-hücumlar və informasiya müharibələri dövlətə, onun strateji obyektlərinə, dövlət təşkilatlarına və özəl sektora, vətəndaşlara təsir vasitəsi kimi daha geniş miqyasda istifadə edilir. Beləliklə, informasiya təhlükəsizliyi məsələləri dövlətlər üçün prioritet məsələyə çevrilir, təkcə informasiyanın konfidensiallığının, tamlığının və əlyetərliyinin təmin edilməsi ilə əlaqədar texnoloji problemləri deyil, ölkənin milli maraqlarına, milli-mənəvi dəyərlərinə, ictimai rəyə, vətəndaşların fərdi məlumatlarına qarşı yönəlmiş müxtəlif təhdidlərin neytrallaşdırılması məsələlərini də əhatə edir. Bu evolyusiya proseslərinin nəticəsində informasiya təhlükəsizliyi ölkənin milli təhlükəsizliyinin vacib komponentinə çevrilir.

Tədqiqat işində milli təhlükəsizliyin mahiyyətinə, məzmununa dair müxtəlif yanaşmalar araşdırılmış və informasiya təhlükəsizliyi ilə milli təhlükəsizliyin digər komponentləri arasında qarşılıqlı münasibətlər analiz edilmişdir. Milli təhlükəsizliyin müxtəlif komponentlərində,  o cümlədən, ictimai, siyasi, mədəni-mənəvi, hərbi, iqtisadi təhlükəsizlik sahəsində İKT-nin tətbiq sahələri, informasiya təhlükəsizliyi təhdidləri müəyyən edilmiş, onların aradan qaldırılması yolları göstərilmişdir.

Y.İmamverdiyev diqqətə çatdırıb ki, təhdidlərin spektrinin genişlənməsi və mürəkkəbliyinin artması onlarla mübarizədə bir-biri ilə sıx inteqrasiya olunmuş vahid milli platformanın yaradılmasını tələb edir. Bu baxımdan aparılmış tədqiqatın nəticələri, milli informasiya təhlükəsizliyi üzrə yeni konsepsiyaların, strategiyaların və proqramların hazırlanmasında istifadə edilə bilər.

Qeyd edək ki, tədqiqat işinin nəticələrinin əks olunduğu 2 məqalə “Web of Science” nüfuzlu elmi bazasına daxil olan tanınmış jurnallarda çap olunub. Belə ki, AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev və Rasim Mahmudovun həmmüəllifi olduqları “İnformasiya təhlükəsizliyi milli təhlükəsizliyin komponenti kimi” (“Information security as a national security component”) adlı məqalə “Information Security Journal: A Global Perspective” jurnalında  işıq üzü görüb.

Texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev və texnika üzrə fəlsəfə doktoru, dosent Fərqanə Abdullayevanın həmmüəllifi olduğu “Dərin təlimin kibertəhlükəsizlikdə tətbiqləri: problemlər və yanaşmalar” (“Deep learning in cybersecurity: challenges and approaches”) məqalə isə “International Journal of Cyber Warfare and Terrorism” jurnalında çap olunub.

    Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2020