Yeni proqram smartfonda trafikə qənaət etməyə kömək edəcək 2017-12-01 09:22:00 / MARAQLI MƏLUMATLAR

“Google” şirkəti istifadəçilərə mobil rabitə operatorunun internet paketi tarifinə daxil edilən trafikin haraya sərf olunması ilə bağlı suala cavab tapmaqda kömək edəcək yeni proqramını təqdim edib. “Datally” adlı proqramı “Google Play” mağazasından ödənişsiz yükləmək mümkündür.

hitech.vesti.ru saytının məlumatına görə, yeni alət smartfondan gündəlik istifadə (gün, həftə və aylar üzrə) zamanı mobil məlumatların nəyə sərf olunmasını göstərməklə yanaşı, onlardan istifadəni optimallaşdırmağa kömək edəcək. “Datally” trafiki daha çox sərf edən proqramlar siyahısını göstərəcək.

Proqram konkret istifadəçi tərəfindən trafikin istifadə xüsusiyyətlərini təhlil edərək məlumatların sərf edilməsinin azaldılması üsullarını tövsiyə edəcək. O, məsələn, yaxınlıqdakı ümumi “Wi-Fi” şəbəkələrinə qoşulmaqla bağlı məsləhətlər verəcək. Bundan başqa, şəbəkələrin təsviri ən keyfiyyətli variantı seçməyə kömək edəcək istifadəçi rəyləri ilə təmin edilib.

Bildirilir ki, “Datally” proqramında əsas alət məlumatların ötürülməsini hazırda istifadə olunan proqram istisna olmaqla, bütün proqramlar üçün bloklayan və ya bunu seçmə üsulu ilə edən “data saver” funksiyasıdır. Həmin məsələləri bu və ya digər şəkildə quraşdırılmış “Android” vasitələri ilə həll etmək mümkündür. Lakin lazımi funksiyalar “Sazlama” menyusunun dərinliklərindədir və onlar barədə məlumata çox zaman bütün istifadəçilər malik olmurlar.

“Datally” bu funksiyaları anlaşılan və rahat interfeysdə – smartfonda mobil məlumatların “idarəetmə mərkəzi”ndə birləşdirib. İstehsalçılar proqramın gələcək versiyalarına mobil rabitə operatorunun balansının monitorinqini və mobil məlumatlardan həddindən artıq istifadə haqqında xəbərdarlığı əlavə etməyi planlaşdırırlar.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024