Biometrik autentifikasiya üçün yeni sistem təqdim olunub 2017-06-19 14:00:00 / TEXNOLOJİ YENİLİKLƏR

“Fujitsu” korporasiyasının yeni biometrik autentifikasiya sistemi barmaq izi və gözün torlu qişasının skaneri ilə müqayisədə, fərdi məlumatları kibertəhdidlərdən daha yaxşı mühafizə edəcək.

“PalmSecure ID” adlı yeni sistem istifadəçini ovucdakı vena damarının şəklinə görə müəyyənləşdirir. Yeniliyin inteqrasiyası “Microsoft Active Directory” kataloqlar xidməti vasitəsilə həyata keçirilir. “PalmSecure ID” istifadəçisi “Windows” əməliyyat sistemində əlçatan olan sistemi kompüterdə işə salmaq və ya daxili sistemə baxış məqsədilə autentifikasiyadan keçmək üçün ovcunu kontaktsız skanerin üzərinə qoymalıdır.

dni24.com saytının məlumatına görə, “Fujitsu” şirkətinin müasir planşet və noutbuk modelləri artıq yeni biometrik autentifikasiya sistemi ilə təchiz edilib.

“Microsoft Active Directory” sayəsində istifadəçilər korporativ şəbəkəyə qoşulmuş istənilən qurğuda öz hesabına daxil ola bilərlər. “PalmSecure” xidməti bütün idarəetməni mərkəzləşdirir və fərdi məlumatları saxlayır. Yeni sistemin dövlət təşkilatları, tibb məntəqələri, banklar və aeroportlarda tətbiqi planlaşdırılıb.

Texnologiya real vaxt rejimində işləmək, autentifikasiya zamanı insanın qanının hərəkətini yoxlamaq və saxtakarlığa qarşı mühafizəni təmin etmək imkanına malikdir.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024