Çinin Honkonq Baptist Universitetindən olan alimlər qrupunun hazırladığı yeni parol növünü səssiz tələffüz etmək lazımdır. Sistem istifadəçini dodaqların hərəkətlərinə görə müəyyən edir. Alternativ biometrik metodikadan maliyyə əməliyyatlarının həyata keçirilməsində istifadə etmək nəzərdə tutulur.
hightech.fm saytının məlumatına görə, biometrik eyniləşdirmənin əsas problemlərindən biri insanın öz identifikatorunu dəyişə bilməməsidir. Əgər insan sistemə daxil olmaq üçün barmaq izindən istifadə edirsə və kimsə onu təkrarlamağa nail olursa, bu zaman istifadəçi yalnız parolu dəyişməklə kifayətlənə bilmir. O, həm də başqa autentifikasiya metodu axtarmalı olur.
Honkonq alimlərinin hazırladığı dodaqların hərəkətinə görə parolun oxunması sistemi istifadəçinin unikal biometrik xarakteristikalarından istifadə edərək şifrəni dəyişməyə imkan verir. Xüsusi proqram parolun hərfləri ilə insanın dodaq hərəkətlərini əlaqələndirir, dodağın teksturu və formasına görə istifadəçini tanıyır. Science Daily-in qeyd etdiyi kimi, hər bir insanda dodaqların mimikası unikaldır və onu saxtalaşdırmaq mümkün deyil.