Hindistanlı tələbə miniatür peyk yaradıb 2017-05-26 12:44:11 / KONFRANSLAR

Hindistanda 18 yaşlı tələbə Rifat Şaaruk NASA-nın təşkilatçılığı ilə keçirilən “Cubes İn Space” müsabiqəsinin qalibi olub. O, ən yüngül və miniatür kosmik aparatı təqdim edib.

 

Onun ixtira etdiyi peyk 12 dəqiqəsi mikroqravitasiya şəraitində olmaqla 4 saatlıq suborbital uçuşu həyata keçirəcək. Peykin işə salınması 21 iyun tarixində NASA-nın ABŞ-ın Virciniya ştatında yerləşən start meydançasından nəzərdə tutulub.

 

popmech.ru saytının məlumatına görə, Hindistanın keçmiş prezidenti Əbdül Kəlamın xatirəsinə həsr olunan “KalamSat” adlı peyk üçölçülü çap texnologiyası vasitəsilə karbon lifindən hazırlanıb. Çəkisi 64 qram təşkil edən aparat kub şəklində 4 santimetr uzunluğa malikdir.

 

“KalamSat” miniatür ölçülərinə baxmayaraq bort kompüterləri, eləcə də Yer kürəsinin sürətlənmə, fırlanma və maqnitosferasını ölçən 8 ötürücü ilə təchiz edilib.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024