"Google" şirkəti Kaliforniyaya məxsus "Lift Labs" şirkətini alıb. Bu şirkət parkinson və digər neyrodegenerativ xəstəliklərdən əziyyət çəkənlər üçün nəzərdə tutulmuş Liftware "ağıllı" qaşıqların istehsalçısıdır.
Liftware qurğusu "Lift Labs" şirkətinin əsas məhsulu hesab olunur. Qurğu bir neçə hissədən ibarətdir: daxilinə tənzimləmə mexanizmi quraşdırılmış qələm, batareya və qarmaq. Qarmağın köməyilə qurğu adi və ya dərin qaşığa, yaxud çəngələ çevrilir. Əllərinin titrəməsindən əziyyət çəkən insanlar "ağıllı" qaşıqların köməyilə sərbəst yemək yeyə bilirlər.
Liftware qaşığından başqa, şirkət iPhone üçün neyrodegenerativ xəstəliklərdən əziyyət çəkən insanların əllərinin titrəmə tezliyi və amplitudunu ölçməyə imkan verən Lift Pulse adlı xüsusi proqram da hazırlamışdır.
Qeyd olunur ki, "Lift Labs" perspektiv layihələrlə məşğul olan Google X bölməsinə daxil olacaq. Şirkətdən bildiriblər ki, Liftware milyonlarla insanın yaşayış keyfiyyətini yüksəltmək imkanına malikdir.
hitech.newsru.com saytının məlumatına görə, "Google" tibbi texnologiyalara böyük maraq göstərir. Şirkət bu yaxınlarda, yaşla bağlı xəstəliklərin tədqiqi və müalicə metodlarının hazırlanması sahəsində bioəczaçılıq şirkəti olan "AbbVie" ilə müqavilə imzalayıb. İyul ayında isə "Google" və digər əczaçılıq şirkəti olan "Novartis" arasında şəkər xəstələri üçün xüsusi kontakt linzaların hazırlanması ilə bağlı razılıq əldə edilmişdir.