AMEA İnformasiya Texnologiyaları İnstitutunda 15 və 10 saylı şöbələrin növbəti birgə elmi seminarı keçirildi. 15 saylı şöbənin dissertantı Hüseyn Qasımov “Azərbaycanda elektron universitetin fəaliyyət konsepsiyası, model və metodlarının işlənilməsi” mövzusunda məruzəni təqdim etdi.
Məruzəçi elektron universitetin cəmiyyətin sosial və iqtisadi inkişafına müsbət təsirlərini qeyd etdi, onun ekoloji səmərəliliyindən söz açdı. O, dünyada mövcud olan elektron universitet modellərini, onların üstünlükləri və çatışmazlıqlarını diqqətə çatdırdı.
H.Qasımov Azərbaycan üçün daha uyğun elektron universitet modelinin struktur sxemini də təqdim etdi. O, e-universitet modelinin tətbiqi istiqamətində yerinə yetirdiyi işlər, təklif etdiyi instrumental vasitələr haqqında danışdı. Həmçinin bir sıra modulların struktur sxemləri və onların reallaşdırılması üzrə müvafiq alqoritmlər barədə məlumat verdi.
Sonda məruzə ətrafında fikir mübadiləsi aparıldı, sual və təkliflər səsləndirildi.