Çinin Kosmik Elm və Sənaye Assosiasiyası planetin bütün əhalisini genişzolaqlı İnternetə çıxışla təmin etməyi planlaşdırır. Bunun üçün Yer kürəsinin orbitinə buraxılacaq 156 kiçikölçülü peyk planeti şəbəkə ilə əhatə edəcək.
hi-news.ru saytının məlumatına görə, bu layihənin universal peyk platformasının köməyi ilə reallaşdırılması nəzərdə tutulur.
“Universal peyk platformasını avtomobilin mühərrik hissəsi ilə müqayisə etmək olar. Bu kimi mühərrik hissəsinə malik olmaqla həm hərbi maşın, həm sərnişin avtomobili və ya taksi düzəltmək mümkündür”, – deyə Çinin Kosmik Elm və Sənaye Assosiasiyasının məsul nümayəndəsi Bey Çao bildirib.
Plan üç mərhələdə reallaşdırılacaq: birinci mərhələ 2018-ci ildə yerinə yetiriləcək. İlk olaraq, bir sınaq peykinin orbitə buraxılması nəzərdə tutulub. İkinci mərhələdə eyni anda buraxılacaq dörd peyk kiçik şəbəkə şəklində birləşdiriləcək və bundan sonra onların birgə işi sınaqdan keçiriləcək. 156 peykin isə 2020-ci ilədək orbitə buraxılması planlaşdırılır.