Məlumdur ki, “SpaceX” və “Tesla Motors” kimi şirkətlərin rəhbəri və təsisçisi İlon Mask daima futuristik nəqliyyat sistemlərinin yaradılması ideyaları ilə çıxış edir. O, bu yaxınlarda “Hyperloop” sistemi ideyasını təqdim edib. Layihə hazırda təcrübi olaraq reallaşdırılma mərhələsindədir. Bunun üçün artıq sərnişin kapsulunun konstruksiyası işlənir və havanın aşağı təzyiqinin dəstəklənəcəyi boru kəmərinin eksperimental sahəsinin tikintisi aparılır.
Bununla yanaşı, İlon Mask yeraltı nəqliyyat sisteminin yaradılması ideyası ilə çıxış edib. Bu ideyanı o, yeni təsis etdiyi “Boring Company” şirkətinin gücü hesabına həyata keçirməyə hazırlaşır.
dailytechinfo.org saytının məlumatına görə, sistemin əsasını lift rolunu yerinə yetirməklə adi avtomobilləri yerin altında yerləşən tunel sisteminə endirən və yuxarı qaldıran, özü hərəkət edən elektrikli nəqliyyat arabaları təşkil edəcək. Tunel sistemi çoxsaylı bölmələrə ayrılacaq və bütün Los-Anceles (ABŞ) bölgəsini, avtomobillərin hərəkətində ciddi problemlərin yarandığı şəhərləri əhatə edəcək.
Yeni nəqliyyat sistemi minik avtomobilləri ilə yanaşı, ictimai nəqliyyatın hərəkətini də təmin edə biləcək. Əlbəttə, o böyük şəhər avtobusları ilə müqayisə oluna bilməz. Bunun üçün bir dəfəyə 10-a yaxın sərnişin daşımaq imkanına malik kiçik nəqliyyat vasitələri istifadə olunacaq.
Qeyd edək ki, bu kimi sistemlərin təcrübədə tətbiq olunması üçün 10 illərlə vaxt lazım olacaq.