AMEA İnformasiya Texnologiyaları İnstitutunda 3 saylı şöbənin növbəti elmi seminarı keçirildi.
Tədbiri giriş sözü ilə şöbə müdiri Təhmasib Fətəliyev açaraq seminarın elektron elmin proqram təminatı məsələlərinə həsr olunduğunu bildirdi.
Məruzəni təqdim edən şöbənin əməkdaşı Nərgiz Verdiyeva e-elmin əhatə dairəsi, reallaşması mərhələləri, onun formalaşmasında proqram təminatının rolu, qabaqcıl e-elm layihələrinin proqram təminatının xüsusiyyətləri haqqında məlumat verdi.
E-elmin AMEA-nın institut və təşkilatları, nazirliklər və universitetlərin elmi qurumları, həmçinin sahə elmi-tədqiqat qurumlarını əhatə etmək vəzifəsini daşıdığını söyləyən məruzəçi e-elmin reallaşması mərhələlərini təqdim etdi. Virtuallaşma, informasiyalaşdırma, şəbəkələşdirmə, kompüterləşdirmə və kommunikasiyalaşdırma mərhələlərindən ibarət olan e-elmin sistem, tətbiqi və instrumental proqram təminatlarını diqqətə çatdırdı.
N.Verdiyeva, həmçinin qabaqcıl e-elm layihələri və onların proqram təminatının xüsusiyyətləri barədə də danışdı. Avropa Qrid İnfrastrukturunun elmi tətbiq sahələri və alətləri, o cümlədən “Globus Toolkit” proqram vasitələrinin təsnifatını nəzərə çatdırdı. Bildirdi ki, dünyanın qabaqcıl e-elm layihələri üzrə aparılmış araşdırmalar e-elmin formalaşması və inkişafında proqram mühəndisliyinin son nailiyyətlərinin mühüm rol oynadığını göstərir.
Sonda məruzəçi qeyd etdi ki, əlavə vaxt və maliyyə sərf etmədən açıq kodlu proqram vasitələrindən istifadə etməklə ölkədə e-elmin daha səmərəli inkişafına nail olmaq mümkündür.
Məruzə ətrafında fikir mübadiləsi aparıldı, sual və təkliflər səsləndirildi.