Qrid texnologiyalarında istifadə olunan proqram təminatları müzakirə olundu 2017-04-28 16:51:21 / KONFRANSLAR

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 4 saylı şöbənin növbəti elmi seminarı keçirildi. Tədbiri giriş sözü ilə açan institutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov seminarın qrid texnologiyalarında istifadə olunan proqram təminatlarının müqayisəli təhlilinə həsr olunduğunu diqqətə çatdırdı.

 

Məruzəni təqdim edən institutun əməkdaşı Səməd Dursunov paylanmış hesablama sistemləri haqqında məlumat verdi. Bildirdi ki, bu texnologiyalara bir kompüterin resurslarının istifadəçilər arasında paylanması prinsipinə əsaslanan “Utility Computing” və böyük hesablama resursları tələb edən mürəkkəb məsələlərin həllində istifadə olunan hesablama sistemi “Cluster Computing” aiddir. Böyük təşkilatların verilənlərin emalı mərkəzlərinin hesablama və yaddaş resurslarından istifadə edərək məsələlərin emalı və yadda saxlanmasına xidmət edən hesablama sistemi olan “Cloud Computing” də bu texnologiyalar vasitəsilə yaradılır. Məruzəçi qeyd etdi ki, digərləri ilə eyni texnologiyalar əsasında yaradılmasına baxmayaraq “Grid Computing” öz arxitekturasına görə müəyyən qədər fərqlənir: “Grid Computing” müxtəlif ərazilərdə yerləşən çoxsaylı hesablama qovşaqlarının birləşməsi ilə yaradılan paylanmış hesablama sistemidir. Onun resursları könüllü qoşulan təşkilatlar və iştirakçıların kompüterlərinin resursları ilə müəyyənləşir”.

 

Məruzəçi bu texnologiyalardan istifadə etməklə yaradılan layihələrdən də söz açdı. Onun sözlərinə görə, “World Community Grid” layihəsi çərçivəsində xərçəng, spid, qrip və s. kimi mühüm xəstəliklərin səmərəli müalicəsinin tapılması, “SETI@home” layihəsində radioteleskopdan gələn siqnalları analiz edərək yerdən kənar sivilizasiyanın axtarışı, “Climate Prediction” layihəsində isə yer kürəsinin iqliminin tədqiqi və proqnozlaşdırılması istiqamətində araşdırmalar aparılır.

 

O, həmçinin qrid hesablama sistemləri və arxitekturaları barədə məlumat verərək “Boinc” proqram platforması, onun serveri, proqram modulları, arxitekturası, həmçinin bu platformanın paylanmış hesablama sisteminə qoşulma ardıcıllığı və məlumat mübadiləsinin aparılması üsullarını təqdim etdi.

 

Məruzə ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024