Yaxın günlərdə “Silicon Valley Comic Con” sərgisi keçiriləcək. Tədbirin təşkilatçısı tanınmış ixtiraçı və “Apple” şirkətinin həmtəsisçisi Stiv Voznyakdır. 4pda.ru saytının məlumatına görə, Voznyak sərgi ərəfəsində “USA Today” nəşrinə verdiyi müsahibəsində yaxın 58 illə bağlı proqnozunu səsləndirib. O, düşünür ki, 2075-ci ilədək indiki səhraların ərazisində gələcəyin şəhərləri ucaldılacaq və ev problemi aradan qalxacaq.
“Apple” həmtəsisçisinin proqnozuna əsasən, insanları hər yerdə süni intellekt əhatə edəcək. Pasiyentlərə həkimə müraciət etmədən diaqnoz qoyulacaq və müalicə üçün reseptlər yazılacaq. Həmçinin “Apple”, “Google” və “Facebook” kimi nəhənglər daha da genişlənəcək.
“Apple” korporasiyası 1911-ci ildə təsis edilmiş “IBM” şirkəti kimi uzun müddət fəaliyyət göstərəcək. Son maliyyə rübündə “Apple”ın kapitalı 246,1 milyard dollar təşkil edib. Bu korporasiya bir çox sahələrə sərmayə yatıra bilər. 2075-ci ildə “Apple” şirkətinin fəaliyyətini dayandıracağını düşünmək gülməli olar. Bu fikir “Google” və “Facebook” şirkətlərinə də aiddir”, – deyə Stiv Voznyak bildirib.