“Google” xəbərlərin doğruluğunun yoxlanılması funksiyasını istifadəyə verib 2017-04-18 10:59:36 / KONFRANSLAR

“Google” şirkəti öz şəxsi xəbər aqreqatoru “Google News”da və axtarışda xəbərlərin etibarlılığının yoxlanılması sistemini istifadəyə verib. Bu funksiya ötən ilin payızından yalnız ABŞ və Böyük Britaniyada “Google News”da əlçatan idi.

 

hitech.newsru.com saytının məlumatına görə, xəbərlərdə faktların yoxlanılması (fact checking) ilə “PolitiFact” və “Snope” xidmətləri daxil olmaqla bir sıra kənar təşkilatlar məşğul olur. Əgər axtarışda və ya xəbərlər aqreqatorunda əks etdirilən material “Fact Check” işarəsi ilə müşayiət olunarsa, o zaman istifadəçi nəşrdə göstərilən faktların etibarlılığını yoxlayan təşkilatın rəyini öyrənə, ətraflı informasiyanı isə istinad vasitəsilə əməkdaşlıq edilən təşkilatın saytına keçməklə əldə edə bilər.

 

Bəzi hallarda müxtəlif təşkilatlar tərəfindən eyni faktın etibarlılığının yoxlanılmasına dair nəticələr bir-birinə zidd ola bilər. Lakin şirkət nümayəndələri güman edirlər ki, bu kimi zidd məlumatlar bu və ya digər xəbər haqqında şəxsi fikrin formalaşmasında faydalı olacaq.

 

Xatırladaq ki, daha əvvəl saxta xəbərlərlə mübarizəyə yönəldilmiş oxşar “fact checking” xidməti “Facebook” sosial şəbəkəsində istifadəyə verilmişdi. Hazırda bu xidmət ABŞ, Almaniya və Fransadan olan istifadəçilər üçün əlçatandır.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024