Almaniyanın “Mercedes-Benz” şirkəti sürücünün vəziyyətini müşahidə edən yeni sistemini təqdim edib. Belə ki, “Vitality Coach” məlumatları kompüterə ötürərək sürücünün yorğunluğunu müəyyən edir.
dni24.com saytının məlumatına görə, texnologiyanın hazırlanmasında ekspertlər, o cümlədən fizioterapevt, psixoloq və terapevtlər iştirak edib. Sistem tezliklə “Mercedes-Benz” avtomobillərinin yeni modifikasiyalarında tətbiq ediləcək.
Şirkət nümayəndələri qeyd edirlər ki, sürücünün sağlam və gümrah olması təhlükəsizliyin zəmanətidir, “Vitality Coach” sistemi də məhz bu məqsədlə hazırlanıb. Yeni texnologiyada yüksək ayırdetmə dəqiqliyinə malik bir neçə kameradan istifadə edilib. Onlar bəzi əlamətlərə görə sürücünün yorğunluğunu müəyyən edir və sürücü kreslosunun vəziyyətinin dəyişdirilməsi, havanın ionlaşdırılması vəs. kimi əməliyyatları yerinə yetirməyi təklif edirlər.
Mütəxəssislər sistemin təkmilləşdirilməsi üzərində çalışırlar. Belə ki, sistemin sürücünü avtomobildən kənarda da izləyə bilməsi planlaşdırılır.