AMEA İnformasiya Texnologiyaları İnstitutunda 13 saylı şöbənin növbəti elmi seminarı keçirildi.
İnstitutun magistrantı Şəlalə Mansurova “Data Mining” mövzusunda məruzəsini təqdim etdi. Bildirdi ki, şöbənin magistrant və doktorantlarına Data Mining-in tədrisi məqsədilə “Data Mining” kurslarına start verilib. Kurs “Data Mining: Concepts and Techniques” kitabı əsasında aparılacaq. “Google Scholar” bazasının məlumatına əsasən, bu kitab Data Mining sahəsində 32 mindən artıq istinad almışdır. Ş.Mansurovanın sözlərinə görə, “Data Mining: Concepts and Techniques” kitabının müəlliflərindən biri olan Jiawei Han Data Mining üzrə ən çox istinad alan ikinci alimdir.
Məruzəçi qeyd etdi ki, Data Mining yeni və dinamik inkişaf edən elm sahəsidir. Data Mining vasitəsilə böyük həcmli verilənlər toplusundan lazımi bilik, yeni informasiya əldə edilir. O, kitabın ilk bölməsini əhatə edən Data Mining-in araşdırılmasının zəruriliyi, Data Mining texnologiyaları, Data Mining-in biliyin aşkarlanması prosesində rolu, biliyin aşkarlanması prosesinin mərhələləri, verilənlər bazası, intellektual analiz metodologiyası, Data Mining-in əsas problemləri, sosial təsirləri və s. haqqında ətraflı məlumat verdi.
Sonda məruzə ətrafında fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı. Magistrantın elmi rəhbəri texnika elmləri doktoru Ramiz Alıquliyev tədqiqatların dərinləşdirilməsinin vacibliyini qeyd etdi, tövsiyələrini səsləndirdi.