Elektron terminoqrafiya elektron terminoloji lüğətlərin hazırlanmasını nəzərdə tutur 2017-04-10 18:40:10 / KONFRANSLAR

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 5 saylı şöbənin elektron terminoqrafiyaya həsr olunmuş növbəti elmi seminarı keçirildi.

 

Məruzəni təqdim edən institutun əməkdaşı Səbinə Fomenko müasir dövrdə informasiya texnologiyalarının müxtəlif fəaliyyət sahələri, o cümlədən dilçiliyin ayrılmaz hissəsinə çevrildiyini bildirdi. Dilçiliyin nəzəri, praktiki və tətbiqi olmaqla 3 bölməyə ayrıldığını söylədi. O, dilçiliyin lüğətlərin yazılması və tədqiqi ilə məşğul olan sahəsi – leksikoqrafiya haqqında ətraflı məlumat verdi. Bildirdi ki, kompüter leksikoqrafiyası kompüter lüğətləri, dilşünaslıq verilənlər bazaları və leksikoqrafiya əsərlərinin hazırlanmasında proqram dəstəyinə yönəlmiş tətbiqi dilşunaslığın bir sahəsidir.

 

Leksikoqrafiyanın bir bölməsi hesab olunan terminoqrafiyanın xüsusi leksika lüğətlərinin istifadəsi, işlənib hazırlanması və layihələndirilməsi haqqında elm olduğunu diqqətə çatdırdı. S.Famenko elektron terminoloji lüğətlərin işlənib hazırlanmasını nəzərdə tutan elektron terminoqrafiyanın prinsiplərindən də danışdı.  

 

O, həmçinin elektron lüğətləri ənənəvi lüğətlərdən fərqləndirən cəhətlər, bu lüğətlərin növləri, elektron lüğətin komponentləri barədə məlumat verərək təsviri xarakter daşıyan bu lüğətlərin digər bilik sahəsinin terminlərini təqdim etdiyini söylədi.

 

“Elektron lüğətlər lüğət məqalələrinin məzmununu adi lüğətlərdə istifadə olunmayan qrafik və multimedia vasitələri ilə ifadə etməyə imkan verir”, – deyə bildirən S.Fomenko elektron lüğətlərdən istifadənin üstünlüklərini nəzərə çatdırdı.

 

Məruzəçi müasir kompüter texnologiyalarının terminoloji verilənlər bazalarının işlənib-hazırlanmasına da imkan verdiyini dedi. Qeyd etdi ki, bu bazaların elmi-texniki terminologiyanın tərcüməsinə yönəlmiş və bu terminologiyanın istifadə standartlarını müəyyən edən növləri də mövcuddur. 

 

Məruzə ətrafında fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024