İsveçrənin “Empa” şirkəti nəqliyyat şirkətləri tərəfindən daşınma zamanı meyvələrin saxlanma şəraitinin izlənilməsi üçün elektron meyvələr istehsal edib. Artıq elektron alma, portağal və banan təqdim edilib.
vladtime.ru saytının məlumatına görə, yeni qurğuların əsas özəlliyi meyvələrin strukturunu, xüsusilə də istilikkeçirmə xüsusiyyətini mükəmməl şəkildə təqlid etmələridir. İçəri hissədə bir məntəqədən digərinə daşınma intervalında temperaturun dinamikasını yadda saxlayan qurğu yerləşdirilib. Elektron meyvələrdən istifadə yükün hansı səbəbdən korlandığını anlamaq çətin olduqda yaranan münaqişələri həll etməyə imkan verəcək. Bütün anlaşılmazlıqları aradan qaldırmaq üçün qurğunu aktiv edərək daşınan qida məhsullarının arasında yerləşdirmək kifayətdir.
“Empa” qurğuları nüfuzunu qorumaq istəyən nəqliyyat şirkətlərinin marağına səbəb olub. Onların dəyəri 50 İsveçrə frankı təşkil edir.