AMEA İnformasiya Texnologiyaları İnstitutunun “Elmi tədqiqatların metodoloji əsasları” mövzusuna həsr edilmiş elmi seminarında “Elmi-tədqiqat işinin aparılmasına dair yanaşmalar və tövsiyələr” mövzusunda məruzə dinlənilib. İnstitutun Təhsil şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifov məruzəni təqdim edərək elmi-tədqiqat işinin strukturu, icmalın hazırlanması, qoyulmuş məsələlərin elmi-nəzəri əsasları, məqalələrin növləri, elmi etika və plagiatlıq və s. haqqında ətraflı məlumat verib.
Elmi-tədqiqat işinin aparılmasına başlayarkən, ilk növbədə, tədqiqat məqsədinin düzgün seçilməsi və elmi-tədqiqat işinin strukturu, araşdırmanın aparılma ardıcıllığının müəyyənləşdirilməsinin olduqca mühüm məsələ olduğunu qeyd edib.
Elmi-tədqiqat işinin informasiya təminatı barədə danışan F.Yusifov dissertasiya işinin yazılmasında İnternet, rəqəmsal kitabxanalar, jurnallar, kitablar, qanunlar, direktiv sənədlərin əsas informasiya mənbələri hesab olunduğunu söyləyib. Onun sözlərinə görə, problemlərin vəziyyəti haqqında analitik material olan icmal hazırlanarkən referativ jurnallar araşdırılmalı, İnternetdə açar sözlərin köməyi ilə axtarış aparılmalı, problemlər aşkar edilməli, onların mənşəyi və həll vəziyyəti təhlil olunmalıdır.
O, həmçinin dissertasiya işində qoyulmuş məsələlərin elmi-nəzəri əsasları haqqında ətraflı məlumat verib. Sonra məruzəçi məqalələrin növləri və yazılma qaydalarından söz açıb, onların AR Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən tanınmış, ixtisasa dair elmi jurnallar, beynəlxalq səviyyədə dərc olunan indeksli jurnallar və elmi konfranslarda çap olunmasının məqsədəuyğun olduğunu bildirib.
Şöbə müdiri “Elsevier”, “Springer”, “Wiley”, “Cambridge University Press” və digər akademik nəşriyyatlara daxil olan jurnallarda məqalələrin çap edilməsinin üstünlüklərindən də danışıb. Məqalənin hazırlanmasına dair hər bir jurnalın xüsusi tələbləri olduğunu qeyd edərək jurnalların səhifəsinə daxil olmaqla müəlliflər üçün nəzərdə tutulan bölmədə bu tələblərlə tanış olmağın mümkünlüyünü ifadə edib. Məruzəçi akademik nəşriyyatlara daxil olan jurnalların məqalələrin təqdim olunmasına qoyduğu tələblərin müxtəlif olmasına baxmayaraq, məqalənin təqdim olunmasından nəşrinə qədər olan ardıcıllığın əksər akademik nəşriyyat evlərində demək olar ki, eyni olduğunu vurğulayıb.
Sonda plagiatlıqla bağlı rast gəlinən problemlərə toxunan F.Yusifov mənbələrə istinad olunmasının zəruriliyini önə çəkib. “Plagiatlıq başqasına mənsub olan intellektual mülkiyyətin mənimsənilməsi kimi qiymətləndirilir”, – deyə bildirən şöbə müdiri müasir dövrdə plagiatlığı müəyyən etmək üçün müxtəlif proqramlardan istifadə olunduğunu nəzərə çatdırıb.
Məruzə ətrafında gedən müzakirələrdə institutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov, institutun ümumi işlər üzrə direktor müavini Şakir Mehdiyev, institutun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Bikəs Ağayev, institutun sektor müdiri Babək Nəbiyev və digərləri iştirak ediblər.