Hazırda əlavə və virtual reallıqlara qeyri-adi, lakin çox da maraqlı olmayan oyuncaqlar kimi yanaşsaq da, istehsalçılar onları işçi platformalar kimi təqdim edirlər. Artıq AR-qarnitur tibdə öz tətbiqini tapıb. Belə ki, həkimlər “Microsoft HoloLens” əlavə reallıq eynəyindən istifadə etməklə onurğa sütununda mürəkkəb əməliyyat aparıblar.
Braziliyadan olan bir qrup həkim, cərrah Enrike Lampertin rəhbərliyi altında oynağın süni ankilozunun yaradılması əməliyyatının keçirilməsi üçün “HoloLens” eynəyi ilə “silahlanıblar”. Həkimlərə onurğanın təsbiti üçün vintləri quraşdırmaq lazım olub və bu zaman AR-qarnitur onların köməyinə gəlib.
news.rambler.ru saytının məlumatına görə, heyət əməliyyatdan öncə kompüter tomoqrafiyasının köməyilə onurğanın 3D-modelini yaradaraq vintlərin mükəmməl proyeksiyasını “HoloLens”ə çıxarıb. Bu zaman ən önəmlisi yanılmamaq idi, çünki ən kiçik səhv belə sinir toxumasının zədələnməsinə səbəb ola bilərdi. Nəticədə ixtisaslaşdırılmış implantlardan daha ucuz olan AR-qarnitur tapşırığın öhdəsindən gəlib.
Eynəyin mənfi cəhəti şəklin keyfiyyətinin aşağı olmasıdır. Çünki təsvirin detallaşdırılması və kadrların yenilənməsi tezlikləri mürəkkəb əməliyyatların modelləşdirilməsi üçün kifayət etməyə bilər.
“Microsoft” hələ ki, həkimlər üçün kommersiya modelini bazara çıxarmayıb. Lampert isə onun metodu ilə maraqlanan cərrahlar üçün xüsusi kursun hazırlanmasına başlayıb.