17 may 2017-ci il tarixdə AMEA Rəyasət Heyəti, Azərbaycan Respublikası Təhsil Nazirliyi və AMEA İnformasiya Texnologiyaları İnstitutunun təşkilatçılığı ilə “Proqram mühəndisliyinin aktual elmi-praktiki problemləri” I respublika elmi-praktiki konfransı keçiriləcək. Bu məqsədlə institutun Elmi şurasının iclasında konfransın proqramının formalaşdırılması məsələsi müzakirə olundu.
AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək konfransın keçirilməsi zərurəti haqqında məlumat verdi. Bildirdi ki, ölkə rəhbərliyinin müvafiq qərar və sərəncamlarından irəli gələn vəzifələrin yerinə yetirilməsi, biliklər cəmiyyətinin qurulmasına elmi dəstək verilməsi məqsədilə AMEA Rəyasət Heyəti proqram mühəndisliyinin çoxaspektli problemlərinə həsr olunmuş elmi-praktiki konfransın keçirilməsinə dair qərar qəbul edib.
Proqram mühəndisliyinin elmi-nəzəri və tətbiqi problemləri, o cümlədən onun tədrisi istiqamətləri üzrə keçiriləcək konfransda proqram təminatının keyfiyyətinin idarə olunması, təhlükəsizliyi və etibarlılığı, proqram mühəndisliyinin iqtisadi aspektləri, hüquqi və etik problemləri, veb-proqramlaşdırma texnologiyaları, proqram mühəndisliyində bulud və qrid texnologiyaları, Big Data problemləri, proqram təminatına qoyulan tələblər, layihələndirmə və resursların idarə edilməsi və digər mövzularda məruzələr dinləniləcək.