AMEA prezidenti, akademik Akif Əlizadənin “SABAH qruplarında təhsil alan tələbələrin AMEA-nın elmi müəssisələrində təcrübə keçməsi haqqında” 25 noyabr 2016-cı il tarixli Sərəncamına əsasən, Azərbaycan Texniki Universitetinin (AzTU) III və IV kurs tələbələrinin AMEA İnformasiya Texnologiyaları İnstitutunda təcrübə keçmələri nəzərdə tutulmuşdur. Bu məqsədlə AMEA İnformasiya Texnologiyaları İnstitutunda AzTU-nun SABAH qruplarında “İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi” və “Kompüter mühəndisliyi” ixtisasları üzrə təhsil alan və hazırda institutda istehsalat təcrübəsi keçən tələbələrlə görüş keçirildi.
Görüşdə AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev, institutun elmi-katibi Mədinə Səidova, Təhsil şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifov, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rasim Mahmudov və sektor müdiri İradə Ələkbərova iştirak edirdi.
Öncə R.Əliquliyev çıxış edərək rəhbərlik etdiyi qurumun əsas fəaliyyət istiqamətləri haqqında məlumat verdi. Bildirdi ki, burada informasiya texnologiyaları və informasiya cəmiyyətinin müxtəlif istiqamətləri üzrə elmi tədqiqatlar aparılır, İT sahəsi üzrə yüksəkixtisaslı kadr hazırlığı həyata keçirilir. Azərbaycanda ilk dəfə İnternetə çıxışın 1991-ci ildə məhz bu institutda bir qrup alim və mütəxəssis tərəfindən həyata keçirildiyini qeyd edən akademik 1995-ci ildə ölkədə ilk veb-sayt olan AMEA-nın rəsmi saytının da bu qurumda fəaliyyətə başladığını vurğuladı.
R.Əliquliyev ölkə Prezidenti, o cümlədən AMEA rəhbərliyi tərəfindən elmin inkişafına daim diqqət və qayğı göstərildiyini, elm və təhsilin inteqrasiyası istiqamətində mühüm tədbirlərin görüldüyünü diqqətə çatdırdı. Azərbaycan elminin innovativ inkişafına xidmət edən magistratura təhsil pilləsinin son illər akademiyanın elmi müəssisələrində, o cümlədən institutda təşkil olunmasının gənc tədqiqatçılar üçün böyük imkanlar açdığını qeyd etdi.
AMEA-da təhsil alan magistrantların tədqiqatçı-magistr kimi formalaşdığını söyləyən akademik insititutun magistrantlarının hər biri ilə fərdi qaydada iş aparıldığını, onların beynəlxalq səviyyədə elmi araşdırmalar aparmaları üçün hər cür şəraitin yaradıldığını vurğuladı. İnformasiya texnologiyaları sahəsində tədqiqat aparan gənclərə böyük ehtiyac olduğunu qeyd edən R.Əliquliyev tələbələri institutda mövcud olan elmi mühit və təcrübədən yararlanmağa səslədi.
Sonra institut direktoru tələbələri maraqlandıran çoxsaylı sualları cavablandırdı, onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı.
Qeyd edək ki, SABAH qrupları ali təhsildə təhsilin keyfiyyətinin yüksəldilməsi, müasir tələblərə uyğun kadr hazırlığının təmin edilməsi və ali təhsil sistemində yeni mühitin yaradılması məqsədilə Təhsil Nazirliyinin tabeliyindəki ali təhsil müəssələrində savadlı, bacarıqlı və hazırlıqlı tələbələrdən ibarət qruplar zənciridir. Layihənin əsas məqsədi ali təhsil sahəsində davamlı, uzunmüddətli, hərtərəfli və əhatəli keyfiyyət dəyişikliklərinin həyata keçirilməsi üçün zəruri mühitin yaradılması, Azərbaycan gənclərinin fərdi və peşəkar inkişafına dəstək, dünyanın aparıcı universitetləri ilə əməkdaşlıq, elmi-tədqiqat, təcrübə və tələbə mübadilələrinin genişləndirilməsi və əmək bazarının tələblərinə uyğun olaraq peşəkar mütəxəssislərin yetişdirilməsidir.