“Facebook” sosial şəbəkəsi 8 fransız media şirkəti ilə əməkdaşlıq edərək xəbər qeydlərində göstərilmiş faktları yoxlayan və etibarsız məqalələri blok edən yeni funksiyanı işə salıb. Bu əməkdaşlıq barədə verilən açıqlama Fransada prezident seçkiləri ərəfəsində saxta xəbərlərin yayılmasının qarşısını almaq məqsədi daşıyır.
vesti.ru saytının məlumatına görə, Fransada prezident seçkiləri iki mərhələdə – 23 aprel və 7 may tarixlərində keçiriləcək. “Facebook” oxşar təşəbbüsü ötən il ABŞ-da, yanvar ayında isə Almaniyada həyata keçirib.
İstifadəçilər bu və ya digər qeyddən şikayət etdikdə onu sosial şəbəkənin moderatorları müzakirə edəcək. Şübhələr öz təsdiqini taparsa, xəbər “Xronika” bölməsində uyğun olan bayraqla işarə ediləcək və istifadəçilər onu bölüşmək istədikdə ekranda xəbərdarlıq görəcəklər.
“Facebook”, xüsusi halda, “Le Monde” qəzeti, “Agence France-Presse” (AFP) informasiya agentliyi, BFM-TV telekanalı, həmçinin “Franceinfo”, “France Médias Monde”, “L'Express”, “Libération” və “20 Minutes” ilə əməkdaşlıq edir.
Qeyd edək ki, şirkət daha bir funksiyanı dəstəkləyəcək. Belə ki, istifadəçilər “CrossCheck” funksiyası vasitəsilə kütləvi informasiya vasitələrinə suallar ünvanlaya və onları maraqlandıran mövzularla bağlı informasiya əldə edə biləcəklər.