“Disney Research” laboratoriyasının alimlər qrupu otaq daxilində elektron qurğuların enerji ilə doldurulmasını təmin edən enerjinin simsiz ötürülməsi sistemini hazırlayıblar. Bu metod “kvazistatik rezonans boşluq” (“QSCR”) adlandırılıb.
techcult.ru saytının məlumatına görə, yeni metodun işini nümayiş etdirmək üçün laboratoriyada 5x5 metr ölçüsündə xüsusi otaq qurulub. Otaq daxilində bir neçə mobil telefonu daima enerji ilə dolduran, ventilyasiyanı və otağın daxili işıqlandırmasını enerji ilə təmin edən maqnit dalğaları yaradılıb.
Alimlər hesab edirlər ki, eksperimental otaqda divarlar metalla örtülsə də, gələcəkdə konstruksiyanı sadələşdirmək mümkün olacaq. Bunun üçün xüsusi divar panelləri və ya cərəyan keçirən rənglər daha uyğundur.
Qeyd edək ki, artıq 100 ildən çoxdur alimlər enerjinin simsiz ötürülməsi ideyasını reallaşdırmağa çalışırlar. 19-cu əsrin 90-cı illərində Nikola Teslanın sınaqlarını xatırlamaq kifayətdir. O, bu sınaqlar zamanı simsiz işıqlandırmanı nümayiş etdirmişdi.