Məlumdur ki, 2015-ci ildə Miçiqanın (ABŞ) “Micro Mote” şirkəti bir neçə millimetr ölçüyə malik kompüter sistemini təqdim etmişdi. Şirkətin 2017-ci ildə hazırladığı sistem isə artıq bir kub millimetr həcmə malikdir. Bundan başqa, “Micro Mote” bir-birindən daxili yaddaşın həcmi və funksional imkanları ilə fərqlənən ən kiçik ölçülərə malik kompüterlər istehsal edir. Bu kimi miniatür hesablayıcı texnikanın tətbiq sahələri Əşyaların İnterneti və tibbi təyinatlı “ağıllı” qurğulardır.
dailytechinfo.org saytının məlumatına görə, avtomobilin yanından keçən şəxslərin səsinin tanınması, temperaturun və ya işıqlandırmanın səviyyəsinin ölçülməsi kimi məsələlərin həlli üçün “Micro Mote” prosessorlarına bir neçə nanovatt enerji tələb olunur. Yeni yığcam radioötürücü məlumatların 20 metrə qədər məsafəyə ötürülməsini təmin edir. Bu da ötən il təqdim edilmiş, məlumatları yalnız 50 santimetr məsafəyə etibarlı ötürə bilən qurğuların əvvəlki nəslinin imkanları ilə müqayisədə yüksək göstəricidir.
Mikrokompüterin yuxarı hissəsində kompüterin akkumulyatorunu hətta az intensiv işığın hesabına yükləmək imkanına malik günəş batareyası yerləşdirilib. Kompüterin normal işi üçün adi otaqda olan işıqlandırma səviyyəsi kifayət edir.
Qeyd edək ki, “Micro Mote” mikrokompüterlərinin əsasını ilk variantı hələ 2008-ci ildə hazırlanmış “Phoenix” unikal prosessoru təşkil edir.