Bu gün AMEA İnformasiya Texnologiyaları İnstitutunda növbəti elmi seminar keçirildi. Tədbirdə Silikon Vadisində (ABŞ, Kaliforniya) həyata keçirilən Minilliyin Layihəsinin nümayəndəsi və “Santa Clara Valley Chapter of ASM International Society” qurumunun sədri Brok Hinzman, Silikon Vadisinin Futuristik reallıq və Gələcək Biznes Şəbəkəsinin nümayəndəsi Eylin Makginis, Azərbaycan Futuroloqlar Cəmiyyətinin sədri Reyhan Hüseynova və Cəmiyyətin sədr müavini Eldar Müseyibzadə, həmçinin institutun alim və mütəxəssisləri iştirak edirdilər.
Seminarı giriş sözü ilə açan institutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov gündəlikdə duran məsələlər haqqında məlumat verdi. Bildirdi ki, tədbirin məqsədi Silikon Vadisində informasiya texnologiyalarının yeni tətbiqlərinə investisiyaların qoyulması, o cümlədən dronlar, peyklər və böyük verilənlərdən istifadəyə dair geniş fikir mübadiləsi aparmaqdır.
Sonra R.Hüseynova çıxış edərək İnformasiya Texnologiyaları İnstitutu ilə əməkdaşlıq əlaqələrindən söz açdı, bu qurumun Futuroloqlar Cəmiyyətinə hər zaman elmi dəstək göstərdiyini diqqətə çatdırdı. Bildirdi ki, belə bir cəmiyyəti yaratmaqda əsas məqsəd Azərbaycanda gələcək elmi istiqamətləri və müasir meylləri müəyyən etmək, dünyada bu sahədə gedən proseslərə qoşulmaqdır. “Futuroloqlar Cəmiyyəti Minilliyin Layihəsinin Azərbaycan Bölməsidir”, – deyə bildirən məruzəçi layihənin 62 ölkədə nümayəndəliyinin olduğunu qeyd etdi.
“Kənd təsərrüfatında informasiya texnologiyalarının tətbiqi” mövzusunda məruzəsini təqdim edən B.Hinzman Silikon Vadisində süni intellekt, robotlar, Əşyaların İnterneti və s. sahələrdə həyata keçirilən layihələr haqqında məlumat verdi.
Məruzəçi gələcəyə dair bir sıra proqnozlardan söz açaraq bildirdi ki, 2050-ci ilə qədər ABŞ əhalisinin 70 faizi böyük şəhərlərdə yaşayacaq, kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən fermerlərin orta yaş həddi artacaq. Onun sözlərinə görə, gələcəkdə əhalinin sürətlə artdığı ölkələrdə iqlim dəyişikliyi məhsul yığımının azalmasına səbəb olacaq. Əsas məqsəd dünyada müasir texnologiyalardan effektiv istifadə edərək kənd təsərrüfatına sərmayə yatırmaq, qida israfını azaltmaq və məhsul yığımını çoxaltmaqdır. O, həmçinin kənd təsərrüfatında biotexnologiyaların tətbiqi və “ağıllı” toxumlardan istifadə ilə bağlı bir sıra proqnozlar səsləndirdi.
Sonda çıxış edən AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev seminarda müzakirə olunan məsələlərin ölkəmiz üçün olduqca aktual olduğunu və mühüm əhəmiyyət kəsb etdiyini bildirdi.
Futuroloqlar Cəmiyyətinin sədri R.Hüseynovaya tədbirin təşkil olunmasında göstərdiyi köməkliyə görə təşəkkürünü bildirən alim bu qurumun fəaliyyət göstərdiyi 10 il ərzində ölkədə elmi futuroloji baxışların formalaşmasında böyük rol oynadığını bildirdi.
R.Əliquliyev ölkədə Futurologiya Cəmiyyətinin fəaliyyətinin daha da genişləndirilməsinin zəruriliyini vurğulayaraq AMEA rəhbərliyinin bu sahəyə xüsusi diqqət göstərdiyini və hər zaman elmi dəstək verməyə hazır olduğunu qeyd etdi.
Məruzə tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılandı, B.Hinzman çoxsaylı sualları cavablandırdı.