Günəş batareyaları ilə işləyən kosmik pilotsuz təyyarənin sınaqları keçiriləcək 2017-02-22 14:40:51 / KONFRANSLAR

Çin Aerokosmik Akademiyasının mühəndisləri 2017-ci ildə günəş batareyası ilə işləyən, yerətrafı kosmik sahədə hərəkət etmək imkanına malik ilk pilotsuz təyyarəni istifadəyə verməyi planlaşdırırlar.

 

hi-news.ru saytının məlumatına görə, hazırda təyyarənin yer şəraitində sınaq uçuşları müvəffəqiyyətlə başa çatıb və aparatın yerətrafı orbitdə işə salınmasına hazırlıq işləri görülür. Qurğunun dəqiq texniki göstəriciləri haqqında məlumat olmasa da, pilotsuz təyyarənin açılmış qanadları Boeing 737 avialaynerinin qanadlarının ölçüsünü üstələyir. Yerdə aparılan sınaqlar zamanı təyyarənin uçuş sürəti saatda 150-200 kilometrə çatıb.

 

Bu təyyarə ölçülərinə görə, dünyada NASA-nın günəş enerjisi ilə işləyən analoji aparatından sonra ikinci yerdə dayanır. Dron çox böyük hündürlükdə enerji yükləməsi tələb etmədən kifayət qədər uzunmüddətli uçuşlar etmək imkanına malikdir.

 

Mühəndislərin bildirdiyinə görə, kosmik pilotsuz təyyarə, əsasən uzaq radarın aşkar olunması, hava kəşfiyyatı, təbii fəlakətlərin monitorinqi, meteoroloji müşahidələr, həmçinin telekommunikasiya və rabitənin retranslyasiyası sahələrində istifadə olunacaq.

 

Qeyd edək ki, aparatın maketi ilk dəfə “Airshow China” aerokosmik sərgisi çərçivəsində 2016-cı ildə ictimaiyyətə təqdim edilib.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024