İnformasiya texnologiyalarının çoxaspektli problemləri araşdırılacaq 2017-02-22 14:37:55 / KONFRANSLAR

İnformasiya texnologiyalarının çoxaspektli problemləri üzrə mobil Cloud Computing texnologiyalarının elmi-nəzəri problemlərinin araşdırılması və təhlili, mobil hesablama buludlarının yaradılmasının arxitektur-texnoloji prinsiplərinin təşkilinin tədqiqi və analizi, mobil Cloud Computing texnologiyalarında virtual resurslardan səmərəli istifadə üçün metod və alqoritmlərin işlənməsi istiqamətində elmi-tədqiqatlar davam etdiriləcək.

 

Bu barədə AMEA İnformasiya Texnologiyaları İnstitutunun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov rəhbərlik etdiyi şöbənin 2017-ci il üçün fəaliyyət planı ilə bağlı çıxışı zamanı bildirdi.

 

R.Ələkbərov cari ildə şöbədə planlaşdırılmış işlər haqqında məlumat verərək bulud texnologiyalarında yaddaş resurslarından səmərəli istifadə, verilənlərin emalı mərkəzində yaddaş və hesablama resurslarının optimal paylanması və bulud texnologiyalarında istifadəçilərin məlumatlarının yaddaş qurğularında dinamiki paylanması üçün metod və alqoritmlərin işlənilməsi, verilənlərin emalı mərkəzində virtual maşınların və hesablama klasterlərinin yaradılması, eləcə də “Əşyaların İnterneti: mövcud vəziyyəti, inkişaf perspektivləri, problemlər və həlli yolları” mövzusu üzrə araşdırmaların aparılmasının nəzərdə tutulduğunu diqqətə çatdırdı.

 

AzScienceNet şəbəkəsində Enterprise Desktop Grid xidmətlərinin, virtual laboratoriyaların yaradılması istiqamətində işlərin davam etdiriləcəyini, AzScienceNet şəbəkəsində proqramla idarə olunan (Software Defined Networking – SDN) şəbəkə texnologiyalarının, Green Computing texnologiyalarının mövcud vəziyyəti, imkanları, inkişaf perspektivləri və problemlərinin tədqiq olunacağını söylədi. Qeyd etdi ki, AzScienceCert-də toplanan insidentlər əsasında təhlillər aparılacaq və təkliflər hazırlanacaq.

 

Elmi-innovasiya fəaliyyəti çərçivəsində görüləcək işləri diqqətə çatdıran məruzəçi “Elektron elm və onun funksional altsistemlərinin sintezi üçün yeni metod və alqoritmlərin işlənilməsi” qrant layihəsi üzrə elmi tədqiqatların bu il də davam etdiriləcəyini söylədi.

 

R.Ələkbərov AzScienceNet-in infrastrukturunun genişləndirilməsi və şəbəkədə yeni xidmətlərin təşkili işlərindən danışdı. Qeyd etdi ki, şəbəkənin infrastrukturunun intellektual kommutatorlar əsasında yenidən qurulması, AzScienceNet üzərindən ElmTV İnternet televiziyasının monitorlar şəbəkəsinin genişləndirilməsi və istismarı, AMEA-nın elmi müəssisə və təşkilatlarının AzScienceNet-ə fiberoptik əlaqə kanalları vasitəsilə qoşulması işlərinin davam etdirilməsi planlaşdırılır.

 

Alim İnternet üzərindən onlayn TV yayımının təşkili, AzScienceNet-də “Multimedia Qalereyası” sisteminin istismarı işləri, Cloud Computing xidmətindən istifadə edilməsinin təşkili və s. ilə bağlı tədbirlərin həyata keçiriləcəyini bildirdi.

 

Şöbənin beynəlxalq elmi əməkdaşlıq əlaqələrinin inkişafı məsələsinə toxunan məruzəçi Avropa üzrə bütün elm və təhsil qurumlarına şəbəkə xidməti göstərən GEANT assosiasiyası və Rusiya Elmlər Akademiyasının A.A.Xarkeviç adına İnformasiyanın Ötürülməsi Problemləri İnstitutunun Paylanmış Hesablamalar Mərkəzi ilə əməkdaşlıq münasibətlərinin davam etdiriləcəyini nəzərə çatdırdı.

 

R.Ələkbərov şöbənin elmi-pedaqoji və elmi-təşkilati fəaliyyəti, elmi-texniki konfranslarda iştirak, AR Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən tövsiyə olunan beynəlxalq və respublika səviyyəli jurnallarda elmi məqalələrin nəşri, elmi-praktiki nəticələrin KİV-də təbliği ilə bağlı görüləcək tədbirlər haqqında da məlumat verdi.

 

AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək şöbənin plan layihəsi ilə bağlı təklif və tövsiyələrini səsləndirdi. Alim şöbə əməkdaşlarının elmi-nəzəri fəaliyyətinin gücləndirilməsi, əldə olunmuş elmi nəticələrin nüfuzlu beynəlxalq elmi jurnallarda nəşr olunmasının vacibliyini qeyd etdi.

 

Mövzu ətrafında geniş fikir mübadiləsi aparıldı. Fəaliyyət planının institutun Elmi Şurasının iclasının müzakirəsinə təqdim olunması qərara alındı.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024