AMEA İnformasiya Texnologiyaları İnstitutunun 13 saylı şöbəsinin 2017-ci il üçün fəaliyyət planı müzakirə olundu. Planı təqdim edən texnika üzrə elmlər doktoru Ramiz Alıquliyev rəhbərlik etdiyi şöbədə informasiya texnologiyaları və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri problemləri üzrə müxtəlif aktual mövzularda aparılacaq elmi-tədqiqat işlərindən söz açdı.
R.Alıquliyev şöbədə böyük həcmli məlumatlar toplusundan biliklərin aşkarlanması problemləri üzrə böyük verilənlərin (Big Data) klasterləşdirilməsi, mətnlərin ümumi referatının yaradılması üçün metodların işlənilməsi, e-dövlət mühitində verilənlərin intellektual analizi problemləri istiqamətində “Sosial şəbəkə və mətnlərin intellektual analizi texnologiyalarının köməyilə e-dövlətin tədqiqi” mövzusu üzrə tədqiqatların aparıldığını bildirdi.
Alim qeyd etdi ki, e-elmin formalaşması problemləri istiqamətində 12 saylı şöbə ilə birgə araşdırmalar aparılır, elmi jurnalların və tədqiqatçıların fəaliyyətinin qiymətləndirilməsi üçün indekslərin işlənilməsi ilə bağlı tədqiqat işləri yerinə yetirilir.
O, həmçinin e-təhsilin formalaşması problemləri üzrə virtual mühitdə biliklərin qiymətləndirilməsi üçün intellektual metod və alqoritmlərin, qazlift quyularında qaldırıcı boruların müxtəlif hissələrində hidravlik müqavimət əmsalının hesablanması alqoritmlərinin işlənilməsi istiqamətində araşdırmaların aparıldığını söylədi.
Şöbə müdiri elmi-innovasiya fəaliyyəti çərçivəsində 1, 2 və 17 saylı şöbələrlə birgə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun dəstəklədiyi “Böyük verilənlər (Big Data) mühitində informasiya təhlükəsizliyinin təmin olunması metodları və alqoritmlərinin işlənilməsi və onların bəzi tətbiqləri” adlı qrant layihəsinin informasiya təminatı ilə bağlı işlərin davam etdiriləcəyini diqqətə çatdırdı.
Məruzəçinin sözlərinə görə, cari ildə şöbə əməkdaşlarının beynəlxalq və respublika səviyyəli elmi konfranslarda iştirakı, impakt faktorlu jurnallarda, Web of Science (Thomson Reuters), Scopus (Elsevier), Google Scholar, EBSCO, DBLP, ACM və s. kimi nüfuzlu elmi bazalarda indeksləşən, respublika və digər ölkələrin (Rusiya, Ukrayna, Belarus) Ali Attestasiya Komissiyasının siyahısında olan jurnallarda elmi məqalələrin nəşri nəzərdə tutulur.
Şöbənin beynəlxalq elmi əməkdaşlıq əlaqələrinin inkişafı məsələsinə toxunan alim 2017-ci ildə də Avstraliya Federasiya Universiteti, Malayziya Texnologiya Universiteti, Qazaxıstan İnformasiya və Telekommunikasiya Texnologiyaları İnstitutu ilə əməkdaşlıq münasibətlərinin davam etdiriləcəyini bildirdi.
R.Alıquliyev həmçinin şöbənin elmi-pedaqoji və elmi-təşkilati fəaliyyəti, elmi-praktiki nəticələrin КİV-də təbliği və s. ilə bağlı görüləcək işlərdən bəhs etdi.
Sonra AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək şöbənin plan layihəsi ilə bağlı təklif və tövsiyələrini səsləndirdi. Alim e-dövlətin və e-elmin formalaşması problemlərinin elmi-nəzəri əsaslarının dərindən araşdırılması, dünyada bu sahələr üzrə müşahidə olunan tendensiyalar və yeni yanaşmaların tədqiqinin vacibliyini qeyd etdi.
Mövzu ilə bağlı ətraflı fikir mübadiləsi aparıldı. Fəaliyyət planının institutun Elmi Şurasının müzakirəsinə təqdim olunması qərara alındı.