“Windows 10” əməliyyat sistemi əsasında işləyən ilk “ağıllı” güzgü 2017-02-01 14:21:48 / KONFRANSLAR

Almaniyanın “Dirror” şirkəti divar güzgüsü və planşetin hibridi olan qurğular seriyasını satışa çıxarıb. “Dirror” qurğusu ilk rəqəmli güzgü olmasa da, “Windows 10” əməliyyat sistemi əsasında işləyən ilk kommersiya məhsulu hesab edilə bilər.

 

hitech.newsru.com saytının məlumatına görə, “ağıllı” güzgülər 3 müxtəlif versiyada istehsal edilir. Belə ki, “Dirror S” güzgüsü 10,1 düym diaqonallı ekranla təchiz edilib və təsvir ölçüsü 1280x800 piksel təşkil edir. “Intel Atom x5-Z8300” prosessoru ilə işləyən qurğu 2 Gb operativ və 32 Gb daxili yaddaşa malikdir. “Dirror S”in qiyməti 970 avrodur.

 

“Dirror M” versiyası 23 düymlük Full HD ekran, daha güclü “Intel Atom x7-Z8700” prosessoru, 4 Gb operativ və 128 Gb əsas yaddaşla təchiz edilib. Bu güzgünü 1870 avroya əldə etmək olar.

 

Qurğunun ən qabaqcıl versiyası “Dirror L” isə Full HD və ya WQHD təsvir ölçülü 27 düymlük ekrana malikdir. Dəyəri 2070-2470 avro təşkil edir.

 

Şirkətdən bildirilib ki, “Dirror” güzgüləri Bluetooth 4.0 və Wi-Fi modulları ilə təchiz edilib, həmçinin “Cortana” səs köməkçisini dəstəkləyir.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024