Avropa və Şərq Tərəfdaşlığı ölkələrinin elm və təhsil şəbəkələrinin dayanıqlı inkişafını təmin etmək üçün Avropa Komissiyası tərəfindən dəstəklənən layihələr çərçivəsində bir sıra beynəlxalq tədbirlər keçirilir. 17-18 yanvar 2016-cı il tarixlərdə Almaniyanın Berlin şəhərində Şərq Tərəfdaşlığı ölkələrini əhatə edən EaPConnect layihəsi çərçivəsində “Elm-kompüter şəbəkələrinin biznes modeli” mövzusunda keçirilən konfrans da bu tədbirlər sırasındadır.
Konfransın məqsədi Şərq Tərəfdaşlığı ölkələrində elm və təhsil sahəsində xidmətlər göstərən kompüter şəbəkələrinin fəaliyyətinin dəstəklənməsi, biznes modellərinin analizi, bu sahədə Avropanın qabaqcıl elm və təhsil şəbəkələri ilə təcrübə mübadiləsinin aparılması və əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsidir.
Konfransda Almaniya, İsveç, İsveçrə və Serbiya, Şərq Tərəfdaşlığı ölkələri, o cümlədən Azərbaycanın elm və təhsil şəbəkələrinin biznes modelləri təqdim olunmuş, qarşlılıqlı müqayisə və təhlillər aparılmışdır. Müvafiq şəbəkələrin iş prinsipləri, strukturu, menecmenti, göstərdikləri xidmətlər, tətbiq olunan yeni texnologiyalar, gəlir mənbələri, əsas xərclər, istifadəçilərlə iş, rəqabətə dayanıqlıq imkanları, insan resursları, strateji planlar kimi bir sıra məsələlər ətrafında müzakirələr aparılmışdır. Nəticədə elm və təhsil şəbəkələrində mövcud olan bir çox ortaq problemlərin həlli yolları təklif olunmuşdur.
Konfransda, həmçinin AMEA İnformasiya Texnologiyaları İnstitutu və AzSciecneNet şəbəkəsi haqqında məruzə dinlənilmiş və geniş müzakirələr aparılmışdır.
Tədbir çərçivəsində, Almaniyanın böyük verilənlər, əşyaların interneti və bulud texnologiyaları ilə bağlı məhsullar və həllər təklif edən “İnanılmaz Maşınlar Şirkəti”nin (Unbelievable Machine Company) biznes modeli də təqdim olunmuşdur.