Stiven Hokinq: “Avtomatlaşdırma və süni intellekt orta təbəqəni iş yerlərindən məhrum edəcək” 2017-01-30 10:12:06 / KONFRANSLAR

Süni intellekt və avtomatlaşdırma ciddi siyasi, iqtisadi və sosial dəyişikliklərə gətirib çıxaracaq.

 

Bu haqda dünya şöhrətli fizik Stiven Hokinq “The Guardian” jurnalına müsahibəsində bildirib. O, qeyd edib ki, hazırda zavod və fabriklərin avtomatlaşdırılması iş yerlərinin azalmasına və ənənəvi istehsaldan imtinaya səbəb olur. Süni intellektin inkişafı bu tempi artıraraq işçi təbəqəyə ciddi təsir edəcək. Yalnız məsələlərin həllinə yaradıcı yanaşma və işə nəzarət tələb edən peşə sahiblərinə ehtiyac olacaq.

 

hi-news.ru saytının məlumatına görə, Hokinq təcavüzkar texnologiyanın inteqrasiyası və yaxın onilliklərdə insanların iş qüvvəsinə mənfi təsir edə biləcək nəticələrə görə narahatlıq keçirən bir çox ekspertlə həmfikirdir: “Əsas qorxulu məqam ondan ibarətdir ki, süni intellektin istehsalatda tətbiqi nəticəsində istehsalın effektivliyinin artmasına baxmayaraq, adi insanlar işsiz qalacaq, çünki onların iş yerlərini “ağıllı” maşınlar tutacaq”.

 

Alimin sözlərinə görə, texnologiya artıq istehsalın ənənəvi metodlarını dəyişərək və orta təbəqənin insanları üçün iş yerlərini əhəmiyyətli dərəcədə ixtisar edərək işçi qüvvəsinin həcmini azaldıb. Yaxın gələcəkdə bu tendensiya öz pik həddinə çatacaq.

 

Cari ilin fevralında Oksford Universitetinin dəstəyilə “Citibank” şirkəti tərəfindən dərc edilmiş hesabata əsasən, ABŞ-da 47 faiz, Böyük Britaniyada isə 35 faiz iş yeri avtomatlaşdırma təhlükəsi altındadır. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv ölkələr üçün bu göstərici orta hesabla 57 faiz təşkil edəcək. Çində isə təxminən 77 faiz cari iş yeri avtomatlaşdırmaya məruz qalacaq.

 

Hokinqin fikrincə, avtomatlaşdırma sonda dünyada artan iqtisadi bərabərsizliyə gətirib çıxaracaq. İnternet və ondan istifadə edən platformalar kiçik qrup insanlara çox sayda əməkdaşı işə götürmədən milyonlarla gəlir əldə etməyə imkan verəcək. Bu, qaçılmaz inkişafdır, lakin bu, həmçinin sosial destruktiv yanaşmadır.

 

“Biz əhalinin artımı, iqlim dəyişiklikləri, xəstəliklər və s. kimi qlobal problemlərlə yanaşı, bəşəriyyətin inkişafının ən təhlükəli dövründə yaşayırıq. Bütün bu problemlərin öhdəsindən gəlmək üçün insanlar birləşməlidir”, – deyə Hokinq bildirib.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024