Doktorant və dissertantların informatika fənni üzrə doktorluq imtahanlarına start verildi 2017-01-17 15:40:47 / KONFRANSLAR

Bu gün AMEA İnformasiya Texnologiyaları İnstitutunda doktorant və dissertantların informatika fənni üzrə doktorluq imtahanlarına start verildi.

 

2016-cı ilin sentyabr ayından başlayaraq imtahanlara hazırlıq məqsədilə doktorant və dissertantlar üçün institutun Tədris-İnnovasiya Mərkəzində (TİM) müxtəlif müddətli kurslar təşkil olunub. Bu kurslarda informatikanın nəzəri və praktiki əsasları tədris edilib. Elmi tədqiqatçılar üçün sınaq imtahanları keçirilib, imtahanın ümumi qaydaları haqqında zəruri məlumatlar verilib.

 

İmtahanlar ildə 2 dəfə 1-31 yanvar və 15 iyun-15 iyul tarixlərində keçirilir. Müdafiə ərəfəsində olan doktorant və dissertantlar üçün isə aprel və oktyabr aylarında növbədənkənar imtahanlar təşkil olunur.

 

Xatırladaq ki, AMEA Gəncə BölməsiNaxçıvan Dövlət Universiteti və AMEA Naxçıvan Bölməsində institutun distant tədris mərkəzləri fəaliyyət göstərir. 2011-ci ildən Gəncə və Naxçıvanda yaşayan doktorant və dissertantlar TİM-də tədris olunan dərsləri məsafədən dinləyirlər. 2016-cı ildən həmin bölgələrdə yaşayan elmi tədqiqatçılar üçün informatika fənni üzrə imtahanlar da internet üzərindən distant formada keçirilir.

 

Qeyd edək ki, 2003-cü ildən etibarən respublikanın bütün doktorant və dissertantlarına informatika fənninin tədrisi və doktorluq imtahanlarının qəbulu mərkəzləşdirilmiş qaydada İnformasiya Texnologiyaları İnstitutunda keçirilir. AMEA rəhbərliyinin təşəbbüsü ilə doktorant və dissertantlar üçün informatika fənni üzrə doktorluq imtahanları 2013-cü ilin iyun ayından başlayaraq elektron test üsulu ilə aparılır.

 

Bu sessiyada Gəncədən 50, Naxçıvandan 16, ümumilikdə isə 600-ə yaxın doktorant və dissertantın imtahan verəcəyi gözlənilir.

 

İmtahanlar yanvarın 30-dək davam edəcək.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024