Prezident İlham Əliyev “BakuTel-2013” sərgisi ilə tanış olub 2013-12-04 12:49:55 / KONFRANSLAR

Dekabrın 2-də Bakı Sərgi Mərkəzində “BakuTel-2013” XIX Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi açılıb. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərgi ilə tanış olub. 

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov dövlətimizin başçısı İlham Əliyevə məlumat verib ki, “BakuTel” sərgisində ilk dəfə olaraq “İnnovativ məhsullar və həllər” adlı Azərbaycan milli pavilyonu yaradılmışdır. Burada son illərdə nazirliyin həyata keçirdiyi layihələr haqında ətraflı məlumat, eləcə də sahənin inkişafı üçün gələcək planlar təqdim olunur. Bildirilib ki, Azərbaycanda əhalinin 70 faizi internet istifadəçisidir. Onların 50 faizi genişzolaqlı xidmətlərdən istifadə edir. Mobil rabitədə hər 100 nəfərə 110 mobil abunəçi düşür, 3G və 4G texnologiyaları tətbiq edilir. Ölkə əhalisi rəqəmsal televiziya yayımı ilə əhatə olunmuşdur. “Elektron hökumət” həllərinin tətbiqi, vətəndaşlara təqdim olunan elektron xidmətlərin sayı və bu xidmətlərdən istifadənin səviyyəsi artır.

Azərbaycan, həmçinin İKT sahəsində bir çox layihələrin təşəbbüsçüsü kimi çıxış edir. Bu layihələrdən biri olan Trans-Avrasiya Super İnformasiya Magistralı-TASİM layihəsi BMT Baş Məclisinin qətnamələri ilə dəstəklənmiş və onun həyata keçirilməsi üçün Avrasiya Rabitə Alyansının yaradılması istiqamətində mühüm addımlar atılmışdır. Ölkəmizin EPEG layihəsində iştirakı isə İnternetə tranzit çıxış imkanlarımızın artmasına səbəb olmuşdur.

Dövlət başçısının diqqətinə çatdırılıb ki, Beynəlxalq Telekommunikasiya İttifaqının qiymətləndirilməsinə əsasən Azərbaycan son 10 ildə İKT sahəsində dünya üzrə dinamik inkişaf edən ilk 10 ölkə sırasındadır. 

Qeyd edək ki, builki ekspozisiya meydançası 35 faiz genişləndirilmişdir. “BakuTel-2013”də dünyanın 28 ölkəsindən 300 şirkət iştirak edir. Sərginin digər fərqləndirici cəhəti Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə təşkil edilən milli stendlərin say etibarilə daha çox olmasıdır. 

    Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2020