Elektromaqnit çanta yanğınsöndürənləri tapmağa kömək edəcək 2016-12-22 11:13:41 / KONFRANSLAR

NASA təşkilatının yanğınsöndürənlər və xilasedicilər üçün hazırladığı elektromaqnit treker onları uçqun, mağara və başqa əlçatmaz yerlərdə tapmağa kömək edəcək.

 

naked-science.ru saytının məlumatında bildirilir ki, texnologiyaların yanğınsöndürmə və başqa xilasetmə xidmətləri üçün insan həyatını xilas etməkdə yardım etməsinə baxmayaraq, bir problem mövcuddur. Mürəkkəb struktura malik yerlərdə xilasetmə xidmətinin üzvünün olduğu yeri necə müəyyənləşdirmək olar? NASA mühəndislərinin bu problemin həlli üçün hazırladığı yeni qurğu yanğınsöndürənlərə və xilasedicilərə ən çətin vəziyyətlərdə kömək edəcək.

POINTER” adlı qurğu kvazistatik elektromaqnit sahələr generatorudur, halbuki bu sahədə aparılan araşdırmaların əksəriyyəti radiodalğalardan istifadəyə əsaslanır. Kvazistatik sahələr bir sıra üstünlüklərə malikdir və obyektləri ən mürəkkəb yerlərdə axtarmağa imkan verir. Bundan başqa, belə sahələr obyektlərin məkanda oriyentasiyasını müəyyənləşdirməyə kömək edəcək ki, bu da insanın vəziyyətindən xəbərdar olmağa imkan verəcək.

İstehsalçılar yeni texnologiyanın ABŞ Daxili Təhlükəsizlik Departamentində uğurlu təqdimatından sonra çanta boyda olan qurğunu təkmilləşdirməyi və ölçüsünü kiçiltməyi planlaşdırırlar. 

 

Qeyd edək ki, texnologiyanın müəllifləri onun başqa sferalarda da, məsələn mağara və tunellərdə robot, pilotsuz təyyarə və digər obyektlərin izlənilməsində istifadə edilə biləcəyini qeyd edirlər.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024