AzScienceNet Elm-Kompüter Şəbəkəsinin fəaliyyəti gücləndirilir 2016-12-15 14:08:01 / KONFRANSLAR

Dekabrın 14-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib. İclasda AzScienceNet Elm-Kompüter Şəbəkəsinin (EKŞ) fəaliyyətinin gücləndirilməsi məsələsi müzakirə edilib.

 

Məsələ ilə bağlı çıxış edən AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev bildirib ki, bir çox dövlət sənədlərində elmin informasiya təminatının gücləndirilməsi, elmi fəaliyyət sahəsində İKT-nin tətbiqi və elektron elmin formalaşdırılması kimi mühüm vəzifələr müəyyən edilib. Bu vəzifələrə uyğun olaraq, AzScienceNet dünyanın nüfuzlu beynəlxalq təşkilatları ilə sıx əməkdaşlıq əlaqələri qurur və AMEA-nın alim və mütəxəssislərinin dünyanın elm və təhsil şəbəkələrinin təqdim etdiyi imkanlardan yararlanmasına şərait yaradır. Alimlər öz tədqiqatlarında böyük həcmli verilənlərdən birgə istifadə edir, irimiqyaslı elmi layihələr həyata keçirir, qabaqcıl şəbəkə texnologiyası və xidmətlərindən faydalanırlar.

 

AMEA-nın AzScienceNet Elm-Kompüter Şəbəkəsinin Akademiyanın elmi müəssisə və təşkilatlarına yüksək səviyyəli internet xidmətləri göstərməklə, Azərbaycan elminin dünya elminə inteqrasiyasını təmin etdiyini, elm və təhsil şəbəkələri üzrə milli operator funksiyasını yerinə yetirdiyini bildirən akademik R.Əliquliyev sözügedən şəbəkənin infrastrukturunun genişləndirilməsi istiqamətində işlərin davam etdiyini söyləyib. Alim AzScienceNet-in ölkəmizi təmsil etdiyi layihələr haqqında da məlumat verib.

 

Akademik R.Əliquliyev onu da diqqətə çatdırıb ki, Azərbaycan elminin informasiya-kommunikasiya texnologiyalarının nailiyyətlərindən istifadə etməklə inkişaf etdirilməsi, dünya elminə inteqrasiyası, vahid milli elmi onlayn infrastrukturun və informasiya fəzasının yaradılması və digər bu kimi məsələlərin həll edilməsi zərurəti AzScienceNet EKŞ-nin fəaliyyətinin daha da gücləndirilməsini tələb edir.

 

İclasda qeyd olunanları nəzərə alaraq, Rəyasət Heyəti qərar qəbul edib. Qərarda AMEA İnformasiya Texnologiyaları İnstitutu tərəfindən AzScienceNet EKŞ-nin fəaliyyətinin gücləndirilməsinə dair tədbirlər planının hazırlanması, şəbəkənin maddi-texniki bazasının, e-poçt xidməti fəaliyyətinin, İnternet-monitorinq və İnternet analitikası işlərinin gücləndirilməsi və digər məsələlər öz əksini tapır. Həmçinin qərarda AzScienceNet EKŞ üzərindən Azərbaycanın regionlarında yerləşən elm və təhsil müəssisələri üçün distant tədris xidmətlərinin həyata keçirilməsi, “EaPConnect” layihəsi çərçivəsində Azərbaycan elminin dünya elminə inteqrasiyasını sürətləndirmək məqsədilə AzScienceNet EKŞ-nin müvafiq beynəlxalq qurumlarla əlaqələrinin gücləndirilməsi ilə bağlı məsələlər də yer alır.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024