İnformasiya cəmiyyətinin formalaşmasının multidissiplinar elmi-nəzəri problemləri araşdırılır 2016-12-15 13:58:20 / KONFRANSLAR

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 17 saylı şöbəsinin illik hesabatı dinlənilib. Hesabatı təqdim edən şöbənin sektor müdiri Rasim Mahmudov öncə müvafiq struktur bölməsində aparılan elmi-tədqiqat işləri barədə məlumat verərək il ərzində informasiya cəmiyyətinin formalaşmasının multidissiplinar elmi-nəzəri problemləri, e-dövlətin formalaşdırılması  və effektli idarə olunması üçün mexanizmlərin işlənməsi, sosial medianın humanitar problemləri  və viki-mühitdə informasiya müharibəsi texnologiyalarının analizi istiqamətində tədqiqatların aparıldığını diqqətə çatdırıb. Bildirib ki, qeyd edilən elmi tədqiqatların nəticəsi kimi 2 kitab, 13 məqalə və 17 konfrans materialı dərc olunub. Onların bir hissəsi xarici ölkələrin nüfuzlu nəşrlərində işıq üzü görüb.

 

R.Mahmudov şöbənin elmi-innovasiya və praktiki fəaliyyəti çərçivəsində AMEA-nın elmi müəssisə və təşkilatlarında fəaliyyət göstərən viki-qrup üzvlərinə təlim kursları keçirildiyini, onların Vikipediyada fəaliyyətlərinin monitorinqinin aparıldığını qeyd edib. Bildirib ki, il ərzində müxtəlif dövlət, elm və təhsil müəssisələri üçün Vikipediya ilə bağlı konsultasiya xidməti göstərilib. Hazırda Vikipediya və onun layihələrinin kontent təminatı üzrə işlər davam etdirilir.

 

Şöbənin beynəlxalq elmi əməkdaşlıq çərçivəsində gördüyü işlər  haqqında məlumat verən məruzəçi bu il Beynəlxalq Siyasi Elmlər Assosiasiyası (International Political Science Association) ilə əlaqələrin qurulduğunu və bu əməkdaşlığın institut üçün çox faydalı olacağını diqqətə çatdırıb.

 

O, həmçinin şöbənin elmi-təşkilati və elmi-pedaqoji fəaliyyəti, institutun fəaliyyətinin  KİV-də təbliği və reklam-marketinq işləri və digər cari fəaliyyətin nəticələri haqqında məlumat verib.

 

Şöbənin fəaliyyəti yüksək qiymətləndirilib, rəy və təkliflər səsləndirilib.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024