AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının iclasında şöbə müdiri Gülnarə Nəbibəyova rəhbərlik etdiyi 16 saylı şöbənin cari il üçün hesabatını təqdim etdi.
Məruzəçi bildirdi ki, hesabat ilində şöbədə e-dövlətin və terminoloji informatikanın formalaşması, veb-texnologiyalar və virtual məkanda Azərbaycan dilinin tətbiqi, o cümlədən İnternet-medianın formalaşması problemləri istiqamətlərində araşdırmalar aparılmışdır.
Onun sözlərinə görə, qeyd olunan istiqamətlər üzrə elektron dövlət mühitində ölkələrarası inteqrasiyanın ölçülməsi üçün metod və alqoritmlər işlənilmiş, verilmiş predmet sahəsinin ontologiyasının qurulması əsasında terminoloji informasiya sisteminin işlənməsi üçün metod təklif olunmuş, Azərbaycan dilinin qrafikasının ingilis dilinin qrafikası ilə transliterasiyası problemləri tədqiq olunmuşdur. Həmçinin İnternet-media resurslarının monitorinqi və qiymətləndirilməsi mexanizmlərinin işlənilməsi istiqamətində araşdırmalar aparılmışdır.
Sonra şöbə müdiri institutun www.ict.az saytının cari il üçün hesabatını təqdim edərək saytın yeni versiyasının (mobil versiya daxil olmaqla) hazırlandığını və daimi istismarının həyata keçirildiyini bildirdi. O, həmçinin müxtəlif göstəricilər üzrə hazırlanmış statistik məlumatları tədbir iştirakçılarının nəzərinə çatdırdı.
Elmi-innovasiya fəaliyyəti çərçivəsində görülən işlərdən danışan G.Nəbibəyova müxtəlif təşkilatların, o cümlədən AMEA-nın institut və təşkilatlarının veb-saytlarının yaradılması və təkmilləşdirilməsi istiqamətində həyata keçirilən layihələrdən söz açdı.
O, cari ildə milli terminoloji informasiya sisteminin konsepsiyasının işlənildiyini və veb-portalının yaradıldığını, AMEA-nın rəsmi www.science.gov.az portalının və AzScienceNet elm kompüter şəbəkəsinin Data Mərkəzində yerləşdirilən veb-saytların texnoloji baxımdan dəstəkləndiyini o cümlədən, institutun Multimedia Qalereyasının istismarı çərçivəsində işlərin görüldüyünü qeyd etdi.
G.Nəbibəyova hesabat ili ərzində tanınmış elmi jurnallarda məqalələrin nəşr olunduğunu, beynəlxalq və respublika səviyyəli nüfuzlu konfranslarda məruzə ilə iştirak edildiyini söylədi.
Şöbə müdiri elmi-tədqiqat və innovasiya işlərinin КİV-də təbliği, şöbədaxili seminarların keçirilməsi, müxtəlif təyinatlı kitabların hazırlanması, beynəlxalq elmi əməkdaşlıq əlaqələrinin qurulması və inkişafı, həmçinin gənc kadrların işə cəlb edilməsi ilə bağlı bir sıra tədbirlərin həyata keçirildiyini qeyd etdi.
Məruzə ətrafında geniş fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.