Qumilyov adına Avrasiya Milli Universitetinin tələbələri İnformasiya Texnologiyaları İnstitutunda təcrübə keçəcək 2016-12-15 12:57:26 / KONFRANSLAR

AMEA İnformasiya Texnologiyaları İnstitutunda Qazaxıstanın Astana şəhərində yerləşən L.N. Qumilyov adına Avrasiya Milli Universitetinin İnformasiya Texnologiyaları fakültəsinin “İnformatika”, “Hesablama texnikası və proqram təminatı”, “Avtomatlaşdırma və idarəetmə” ixtisasları üzrə təhsil alan 15 magistrantın iştirak edəcəyi elmi təcrübə kursuna start verildi.

 

Qeyd edək ki, təcrübə kursu peşəkar kadrların hazırlanmasının effektivliyinin artırılması və elmi tədqiqatların aparılmasına dəstək verilməsi məqsədilə iki qurum arasında imzalanmış müqaviləyə əsasən keçirilir.

 

Öncə magistrantları İnformasiya Texnologiyaları İnstitutunun fəaliyyəti ilə tanış etmək məqsədilə görüş keçirildi. İnstitutun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru Vüqar Musayev “İnformasiya Texnologiyaları İnstitutunda tədqiqat, təhsil, innovasiya və şəbəkələşmə” mövzusunda təqdimatla çıxış edərək tələbələrə institutun yaranma tarixi, əsas fəaliyyət istiqamətləri, iştirak etdiyi dövlət proqramları və layihələr, beynəlxalq və respublika səviyyəli konfranslar haqqında ətraflı məlumat verdi.

 

İnstitutda informasiya texnologiyaları və informasiya cəmiyyətinin müxtəlif istiqamətləri üzrə elmi tədqiqatların aparıldığını, İT sahəsi üzrə yüksəkixtisaslı kadr hazırlığının həyata keçirildiyini söyləyən V.Musayev institutun əməkdaşları tərəfindən nəşr olunan məqalələr barədə statistik göstəriciləri diqqətə çatdırdı.

 

Məruzəçi magistrantlara institutun Tədris-İnnovasiya Mərkəzinin fəaliyyəti haqqında məlumat verərək, ölkənin bütün doktorant və dissertantlarına informatika fənninin tədrisi və doktorluq imtahanlarının qəbulu prosesinin bu mərkəzdə həyata keçirildiyini qeyd etdi. 

 

O, həmçinin AMEA-nın institut və təşkilatlarının fəaliyyətinin daha səmərəli təşkili, institutların alim və mütəxəssislərinin dünya elmi mühitinə inteqrasiyası və tanınmış beynəlxalq elmi bazalardan geniş istifadəsinə imkan yaradan AzScienceNet elm-kompüter şəbəkəsində göstərilən xidmətlərdən söz açdı. Bildirdi ki, şəbəkədə Wi-Fi, Eduroam, Cloud Computing, Cloud Storage, Klaster Hesablama, Hostinq, İP Telefoniya, paylanmış çoxterminallı məlumat xidməti, operativ məlumatlandırma, videokonfrans, e-kitabxana, distant tədris və s. xidmətlər təqdim olunur.  

 

Onun sözlərinə görə, AzScienceNet şəbəkəsi, həmçinin ölkəmizi Şərqi Avropa ölkələrini birləşdirən elm və təhsil üzrə yüksəksürətli regional internet şəbəkəsinin yaradılması və bu ölkələrin Avropanın elektron elm infrastrukturuna qoşulması üçün həyata keçirilən GEANT Assosiasiyasının “EaPConnect” layihəsində də təmsil edir.

 

V.Musayev qeyd etdi ki, şəbəkənin texniki imkanlarının genişləndirilməsi nəticəsində hazırda onun hesablama gücü 15 Tflops, xarici yaddaşının həcmi 400 Tbayt, internetə qoşulma sürəti isə 1,41 Gbit/s-ə çatdırılmışdır.

 

Şöbə müdiri  “İnformasiya texnologiyaları” nəşriyyatının fəaliyyəti, burada quraşdırılmış genişformatlı, yüksəksürətli rəqəmsal çap avadanlıqları, müxtəlif kitab, dərslik və jurnalların nəşri ilə bağlı görülən işlər barədə də məlumat verdi.

 

Sonda magistrantların sualları cavablandırıldı və onlar təcrübə keçmək üçün institutun müvafiq şöbələrinə təhkim olundular.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024