1 dekabr 2016-cı il tarixdə AMEA İnformasiya Texnologiyaları İnstitutunda Beynəlxalq İnformatika Olimpiadası (International Olympiad in Informatics - IOI) təşkilat komitəsinin üzvü, Niderland IOI komandasının, o cümlədən “Eljakim Information Technology” şirkətinin rəhbəri, Kompüter Texnikası Assosiasiyasının (Association for Computer Machinery - ACM) əməkdar üzvü Elyakim Sxreyvers ilə görüş keçirildi.
Görüşdə ADA Universitetinin İnformasiya Texnologiyaları və mühəndislik fakültəsinin baş müəllimi, Azərbaycan ACM bölməsinin icraçı şurasının üzvü Araz Yusubov, AR Təhsil Nazirliyinin Təhsilin idarə olunmasının məlumat sistemləri şöbəsinin müdiri İsmayıl Sadıqov, ümumtəhsil məktəblərində İnformatika fənninin tədrisi ilə məşğul olan qabaqcıl müəllimlər, eləcə də İnformasiya Texnologiyaları İnstitutunun alim və mütəxəssisləri iştirak edirdilər.
E.Sxreyvers “İstedadlı şagirdlər üçün əhatəli İnformatika kurrikulumu” adlı məruzəsini təqdim edərək bildirdi ki, İnformatika sahəsi daim inkişaf etdiyindən, bu fənni tədris edən müəllimlər mütəmadi olaraq özlərini təkmilləşdirməli və inkişaf etdirməlidirlər.
O, ibtidai sinifdən tutmuş, ali məktəb səviyyəsinə qədər informatikanın tədrisini əhatə edən kurrikulum layihəsi barədə məlumat verərək İnformatika fənninin bu proqrama əsasən tədrisinin şagirdlərdə alqoritmik düşüncə tərzinin inkişaf etdirilməsinə xidmət etdiyini vurğuladı. Bildirdi ki, vacib məqamlardan biri şagirdlərə müxtəlif əyləncəli oyun və tapmacalar təklif edərək xüsusi bacarıqlar tələb etmədən onların potensialını həvəsləndirici qiymətləndirmək imkanıdır.
Qonaq, həmçinin qeyd etdi ki, bu layihənin üstün cəhətlərindən biri də ondan ibarətdir ki, tədris proqramı adaptivdir və hər bir şagirdin bacarıqlarına uyğun şəkildə təqdim olunur.
Məruzəçinin sözlərinə görə, bu sahədə orta və aşağı biliklərə malik olan şagirdləri də düzgün şəkildə həvəsləndirməklə onların bacarıqlarını önə çıxarmaq mükündür. Əsas məqsəd şagirdlərin zəif cəhətini müəyyənləşdirmək deyil, onların bilik və bacarıqlarını aşkar etmək və inkişaf etdirməkdir. O, həmçinin İnformatika fənninin tədrisi zamanı proqramlaşdırma ilə yanaşı, nəzəri biliklərin aşılanmasının da olduqca vacib olduğunu vurğuladı.
E.Sxreyvers İnformatika üzrə beynəlxalq “Bebras” müsabiqəsi haqqında məlumat verərək bu müsabiqənin proqramlaşdırma tələb etmədən şagirdlərin alqoritmik düşüncəsini qiymətləndirməyə imkan verdiyini dedi.
O, Azərbaycanda 2019-cu ildə keçiriləcək Beynəlxalq İnformatika Olimpiadasına şagirdlərin seçilməsi ilə bağlı təkliflərini də səsləndirdi. Həmçinin Azərbaycanda İnformatika fənninin tədrisi sahəsində öz təcrübəsini bölüşməyə və lazımi köməklik göstərməyə hazır olduğunu diqqətə çatdırdı.
Məruzə seminar iştirakçıları tərəfindən maraqla qarşılandı, çoxsaylı suallar cavablandırıldı.