Avropa Komissiyası: “EaPConnect layihəsi elm və təhsil üçün yeni perspektivlər açır” 2016-12-05 11:25:04 / KONFRANSLAR

Azərbaycan və Belarusiyanın elm və təhsil üzrə regional kompüter şəbəkələri hər iki ölkənin alim və tələbələri üçün dünyanın bütün ölkələrindən olan tərəfdaşları ilə əməkdaşlıq imkanı verən GEANT şəbəkəsinə qoşulmuşdur.

 

Avropa Komissiyasının rəsmi ec.europa.eu saytında yer alan məlumatda bildirilir ki, "Eap Connect" layihəsinin əsas məqsədi Şərq tərəfdaşlığı regionunda dünya səviyyəsində elm və təhsil üzrə regional kompüter şəbəkəsi yaratmaqdır.  "EaPConnect" Avropa qonşuluq siyasətinə uyğun olaraq Avropa birliyi və onun tərəfdaşları üçün qarşılıqlı əməkdaşlıq və iqtisadi inkişafı genişləndirməyə dəstək verir.

 

Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya Texnologiyaları İnstitutunun direktoru, professor Rasim Əliquliyevin sözlərinə görə, bu əməkdaşlıq Azərbaycan elmi ictimaiyyətinin Avropa elmi mühitinə inteqrasiyası üçün yeni imkanlar yaradır: “Biz qarşıda duran problemlərin həlli üçün birgə fəaliyyət göstəririk. Ümid edirəm ki, EaP Connect layihəsi regionda müsbət dəyişikliklərə səbəb olacaq”.

 

GEANT-ın baş direktoru Stiv Kotter əlavə edib ki, Belarus və Azərbaycan arasındakı əməkdaşlıq bizim şəbəkənin imkanlarını daha da genişləndirir. Şəbəkə iqlim dəyişikliyi, seysmologiya, yüksək enerji fizikası və elektron elm sahələrində bir çox tədqiqat imkanları və yeni nailiyyətlərin əldə edilməsinə, elmi əməkdaşlıq əlaqələrinin genişlənməsinə şərait yaradır.

 

Saytda, həmçinin 6-7 oktyabr 2016-cı il tarixlərdə Gürcüstanın Tbilisi şəhərində keçirilmiş EaPEC konfransı haqqında məlumat yer alıb. Qeyd olunub ki, konfransda iştirakçılara yeni əməkdaşlıq platforması təqdim edilmişdir.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024