Müasir dövrdə hər bir ölkənin dövlətçiliyini müəyyən edən əsas faktor onun milli varlığı olan dilidir. Dövlət dilinin sosial-ictimai funksiyasının inkişafında milli terminologiyanın nizamlanması, sistemləşdirilməsi və inkişafı böyük əhəmiyyət kəsb edir. Elmi, texniki və iqtisadi fəaliyyətin yüksək səviyyədə təşkilinin dəqiq işlənmiş terminologiyadan əhəmiyyətli dərəcədə asılı olması sivil dövlətlərdə dil siyasətinin mühüm hissəsi kimi terminologiyanın elmi-nəzəri və praktiki problemlərinə xüsusi diqqət yetirilməsini zəruri edir.
Uzunəsrlik tarixə malik Azərbaycan dilinə dövlət dili statusunun verilməsilə onun ictimai dəyəri daha da yüksəldi, dövlət dilinin qorunması və işləkliyinin təmin edilməsi ölkəmizdə müstəqil dövlət quruculuğunun prioritet istiqamətlərindən birinə çevrildi. Azərbaycan Respublikası Prezidentinin 23 may 2012-ci il tarixli Sərəncamı ilə AR Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının yaradılması terminologiya fəaliyyətinə məsuliyyəti artırdı. Hazırda bu qurum Azərbaycan dilində termin yaradıcılığı sahəsində fəaliyyətin tənzimlənməsi, koordinasiya edilməsi və dilin lüğət tərkibinin zənginləşdirilməsi istiqamətində bir çox funksiyaları həyata keçirir.
Son illər elm və texnikanın müxtəlif sahələrində baş verən əhəmiyyətli dəyişikliklər və inkişaf ayrı-ayrı predmet sahələrinin terminoloji bazalarının zənginləşməsinə və dilimizdə yeni terminlərin yaranmasına səbəb olmuşdur. Dünyada və Azərbaycanda terminologiya fəaliyyəti ilə məşğul olan elm və tədris mərkəzlərinin çoxalması, yayılması, elm və texnikanın müxtəlif sahələrinin inkişaf dinamikası və s. kimi amillər terminlərin strukturlaşdırılması, vahid mərkəzdə toplanması, işlənməsi və istifadəsini təmin edən terminoloji informasiya sisteminin yaradılmasını zəruri etmişdir.
AR Prezidenti İlham Əliyevin 9 aprel 2013-cü il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nda müvafiq qurumlar qarşısında mühüm vəzifələr qoyulmuşdur. Azərbaycan dilinin öyrənilməsi və təbliği sahəsində informasiya-kommunikasiya texnologiyalarının (İKT) tətbiqi ilə bağlı müddəalarla əlaqədar olaraq digər təşkilatlarla yanaşı, AMEA İnformasiya Texnologiyaları İnstitutunda da məqsədyönlü işlər aparılmış, institutun alim və mütəxəssisləri tərəfindən Milli Terminoloji İnformasiya Sisteminin (MTİS) konsepsiyası və veb-portalı hazırlanmışdır.
Noyabrın 25-də AMEA İnformasiya Texnologiyaları İnstitutunda Milli Terminoloji İnformasiya Sisteminin konsepsiyası və veb-portalının təqdimat mərasimi keçirildi. Tədbirdə ölkənin müvafiq dövlət qurumlarının rəhbərləri, AMEA-nın elmi-tədqiqat institutlarının alim və mütəxəssisləri, eləcə də kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan AMEA prezidenti, akademik Akif Əlizadə hər bir dövlətin ən vacib atributlarından olan dilin xalqın və ölkənin identikliyi, mədəniyyəti və psixoloji xüsusiyyətlərini özündə əks etdirən bir fenomen olduğunu bildirdi.
Akademik Azərbaycan dilinin qorunması və inkişaf etdirilməsi ilə bağlı ölkəmizdə həyata keçirilən dövlət siyasətinin əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu nəzərə çatdırdı. Məhz Ulu Öndərin uzaqgörən siyasəti və iradəsi ilə Azərbaycan dilinə dövlət dili statusunun verildiyini, dövlət orqanları, digər idarə, müəssisə və təşkilatlarda Azərbaycan dilinin tətbiqinə başlanıldığını qeyd etdi. İnkişafın yeni mərhələsində AR Prezidenti İlham Əliyevin bu siyasəti uğurla davam etdirərək onu təmin edən çoxşaxəli amillərə xüsusi diqqət yetirdiyini söylədi. Bildirdi ki, Azərbaycanda həyata keçirilən informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illəri əhatə edən Milli Strategiyada da virtual mühitdə milli kontentin inkişaf etdirilməsi və zənginləşdirilməsi məsələsi əsas hədəflərdən biri kimi öz əksini tapmışdır.
AMEA prezidenti MTİS-in konsepsiyası və veb-portalının məhz Azərbaycan dilinin qorunması və inkişaf etdirilməsi, informasiya cəmiyyətinin bərqərar olunmasına dair dövlət siyasətinin həyata keçirilməsi, eləcə də elmi fəaliyyətin informasiya təminatının gücləndirilməsi məqsədlərinə xidmət etdiyini söylədi.
Akademik, sistemdə toplanan termin və lüğətlərlə bağlı müxtəlif istiqamətlərdə fundamental tədqiqatların aparılmasına böyük imkanlar yarandığını diqqətə çatdıraraq terminoloji problemlər, o cümlədən terminoloji informatika sahəsində elmi-tədqiqat işlərinin genişləndirilməsinin zəruriliyini vurğuladı. Bu istiqamətdə əldə edilən mühüm elmi nəticələrin ölkəmizdə terminologiyanın inkişafına müsbət təsir göstərəcəyinə əminliyini ifadə etdi.
A.Əlizadə beynəlxalq tələb və standartlara uyğun Milli Terminoloji İnformasiya Sisteminin yaradılmasının uzunmüddətli gərgin intellektual əməyin nəticəsi olduğunu bildirərək bu işdə AR Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin dəstəyini və AMEA İnformasiya Texnologiyaları İnstitutunun alim və mütəxəssislərinin fəaliyyətini xüsusilə qeyd etdi.
“Yüksək səviyyədə fəaliyyət göstərəcək Milli Terminoloji İnformasiya Sistemi müntəzəm olaraq təkmilləşəcək və zənginləşəcək”, – deyə bildirən akademik sistemin uzun illər Azərbaycan xalqı və dövlətinin xidmətində olacağına ümidvar olduğunu bildirdi.
Tədbirdə AR Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov çıxış edərək müasir iqtisadi proseslərin Azərbaycanda elmin iqtisadiyyat və sənaye ilə bağlantısının təmin olunması, real iqtisadi səmərəyə yönələn elmi nəticələr üzərində hüquqların qorunması və standartlaşdırma fəaliyyətinin elmi-texniki istiqamətlərinin gücləndirilməsi ilə bağlı birgə fəaliyyətin əhəmiyyətini artırdığını bildirdi. Qeyd etdi ki, bu istiqamətdə elmi-texniki nailiyyətlərin harmonizasiyası, terminologiyanın standartlaşdırılması və düzgün idarə edilməsi mexanizmlərinin tətbiqi də mühüm əhəmiyyət kəsb edir.
R.Həsənovun sözlərinə görə, terminologiyanın standartlaşdırılması normativ-texniki sənədlərin, təhsil və məlumat sənədlərinin keyfiyyətini artırır, müxtəlif bilik sahələri mütəxəssisləri arasında anlaşılmanı və tərcüməçilərin işini asanlaşdırır. Elmi-texniki terminologiyanın standartlaşdırılmasına tələbat termin və anlayışların normativ, texniki, layihə və texnoloji sənədlərin ayrılmaz hissəsi olması ilə izah edilir.
Beynəlxalq təcrübədə terminologiyanın inkişafına böyük əhəmiyyət verildiyini söyləyən komitə sədri Beynəlxalq Standartlaşdırma Təşkilatında “Terminologiya” Texniki Komitəsinin fəaliyyət göstərdiyini diqqətə çatdırdı. Bildirdi ki, Texniki Komitə çərçivəsində terminologiyanın müxtəlif sahələrini əhatə edən 46 beynəlxalq standart qəbul olunmuşdur və hazırda 27 beynəlxalq standart layihəsi üzərində iş aparılır.
R.Həsənov AR Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikasının elm sahəsində dövlət siyasətini həyata keçirən ali elm təşkilatı olan AMEA ilə birgə yaradılan terminologiya sisteminin əhəmiyyətini qeyd edərək onun Azərbaycan dilinin terminoloji bazasının formalaşması və inkişafına böyük imkan yaradacağını bildirdi. Akademiya ilə əməkdaşlığın davamı olaraq terminologiya və digər elm sahələri üzrə milli standartların işlənilməsi məqsədilə müvafiq Texniki Komitənin yaradılmasının zəruriliyini qeyd etdi.
Komitə sədri əməkdaşlığa görə AMEA prezidenti, akademik Akif Əlizadəyə və elm xadimlərinə minnətdarlığını bildirdi.
Sonra çıxış edən AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev ümummilli lider Heydər Əliyevin Azərbaycan dilinin dövlət dili statusu qazanması ilə bağlı müstəsna tarixi xidmətlərini qeyd edərək Ulu Öndərin dilimizin qorunması və inkişafına hər zaman böyük önəm verdiyini diqqətə çatdırdı. AR Prezidenti İlham Əliyevin AMEA-nın 70 illik yubiley tədbirindəki çıxışında dilimizin saflığının qorunub saxlanılması və inkişaf etdirilməsi məsələlərinə xüsusi yer verdiyini bildirdi.
Terminoloji fəaliyyətdə İKT-nin tətbiqi nəticəsində linqvistik informatikanın tərkib hissəsi kimi terminoloji informatika elmi istiqamətinin formalaşdığını söyləyən akademik ölkədə bu sahədə tədqiqatlara 2008-ci ildə başlanıldığını, İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları tərəfindən bir sıra konseptual yanaşma və metodların təklif olunduğunu nəzərə çatdırdı.
R.Əliquliyevin sözlərinə görə, İnternet texnologiyalarının sürətli inkişafı nəticəsində insanların virtual məkanda mövcud olan informasiya resurslarına çıxış imkanları qeyri-məhdud olduğundan termin yaradıcılığı işlərinin təkcə alim və mütəxəssislər tərəfindən həyata keçirilməsi böyük çətinliklər yaradır. Bu problemin həllində, eyni zamanda terminlərin ictimai müzakirəsi və ekspertizası işlərində marağı olan hər kəs iştirak edə bilər ki, bununla da ölkəmizdə vətəndaş terminologiyası formalaşdırıla bilər.
Akademik Milli Terminoloji İnformasiya Sisteminin konseptual əsaslarından söz açaraq Azərbaycan dil mühitinin digər dillərlə informasiya mübadiləsinin sərhədində terminoloji ekspertiza komissiyaları yaratmaqla, terminoloji təhlükəsizliyi təmin etməyin mümkünlüyünü diqqətə çatdırdı.
MTİS-in dinamiki inkişaf edən, İnternet mühitində istismar olunan açıq milli informasiya resursu olduğunu qeyd edən R.Əliquliyev bildirdi ki, e-terminologiya ölkədə formalaşmaqda olan “Elektron Azərbaycan”ın seqmentlərindən biri olan e-elmin tərkib hissəsidir.
AMEA-nın akademik-katibinin sözlərinə görə, MTİS terminoloji lüğətləri hazırlamış alim və mütəxəssislərin müəlliflik hüquqlarının qorunması üçün şəffaflıq və əlyetərliliyin təmin olunması nəticəsində geniş imkanlar yaradacaq. Beynəlxalq və xarici ölkələrin analoji terminoloji sistemləri ilə inteqrasiya imkanlarına malik olan bu sistem, eyni zamanda terminoloji informatika sahəsində elmi araşdırmaların informasiya bazası rolunu oynayacaq.
Alim sistemin vətəndaşlara e-terminoloji xidmətlər göstərməklə yanaşı, ölkədə terminologiya fəaliyyətinin təkmilləşdirilməsinə töhfə verəcəyinə əminliyini ifadə etdi.
Daha sonra İnformasiya Texnologiyaları İnstitutunun elmi işçisi Yusif Sadıyev milli terminoloji veb-portalı təqdim edərək onun strukturu və dizaynı haqqında ətraflı məlumat verdi. Bildirdi ki, “www.azterm.az” (www.terminologiya.az) adı altında yaradılan veb-portal AR Nazirlər Kabinetinin 4 sentyabr 2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının internet informasiya ehtiyatlarının yaradılması və idarə edilməsinə dair Tələblər”ə, o cümlədən AR Xüsusi Dövlət Mühafizə Xidmətinin tələblərinə uyğunlaşdırılmış və təhlükəsizlik yüksək səviyyədə təmin olunmuşdur.
Məruzəçi qeyd etdi ki, “www.azterm.az” portalı AR Nazirlər Kabineti yanında Terminologiya Komissiyası və onun elmi bölmələrinin fəaliyyətini, terminoloji lüğətlər və Azərbaycan dilinin digər lügətlərini əks etdirən böyük informasiya bazasına və geniş axtarış imkanlarına malik informasiya resursudur.
Y.Sadıyev ölkəmizdə hazırlanan bütün terminoloji lüğətlər, o cümlədən elmi-texnoloji inkişaf nəticəsində yaranan yeni terminlərin müntəzəm olaraq terminoloji bazaya daxil ediləcəyini diqqətə çatdırdı. Bildirdi ki, portalın ən mühüm xüsusiyyətlərindən biri də “İctimai tribuna” bölməsi vasitəsilə Terminologiya Komissiyası və vətəndaşlar arasında onlayn əlaqələrin qurulması imkanının olmasıdır. Bölmədə yeni terminlər və müzakirə üçün mövzu təklif etmək, eləcə də mövcud terminlərə münasibət bildirmək mümkündür.
Akademik R.Əliquliyev MTİS-in yaradılmasını Azərbaycan ictimaiyyəti üçün mühüm hadisə kimi qiymətləndirərək hər kəsi sistemin kontentlə zənginləşdirilməsi və termin yaradıcılığı prosesində fəal iştiraka səslədi.
Müzakirələrdə iştirak edən AMEA Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov, AMEA-nın Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov və AMEA Humanitar Elmlər Bölməsinin akademik-katibi, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli MTİS-in təkmilləşdirilməsi üçün alim və mütəxəssislərin birgə fəaliyyəti və dilçilik sahəsində normativ-hüquqi bazanın möhkəmləndirilməsinin zəruriliyini qeyd edərək sistemin Azərbaycanda terminologiya sahəsində elmi nailiyyətlərin əldə edilməsində mühüm rol oynayacağını bildirdilər.