Avropa İttifaqının II Şərq Tərəfdaşlığı Platformasının İşçi proqramı çərçivəsində 2014-2017-ci illərdə “Əmək bazarında ixtisaslı kadrlara olan tələb və təklifin uyğunlaşdırılması və proqnozlaşdırılması – Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrinin təcrübəsi” layihəsi həyata keçirilir. Azərbaycanı bu layihədə təmsil edən ekspert qrupunun tərkibinə AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, texnika üzrə elmlər doktoru, professor Məsumə Məmmədova da daxildir.
Bu layihə çərçivəsində Avropa Komissiyası və Avropanın Təhsil Fondunun dəstəyilə Şərq Tərəfdaşlığı ölkələrinin nümayəndələrinə ixtisaslı kadrlara olan tələb və təklifin uyğunlaşdırılması və proqnozlaşdırılması üzrə Avropa İttifaqı ölkələrinin təcrübəsi ilə tanışlıq üçün ən uğurlu nümunələr, bu sahədə aparılan elmi araşdırmalar, yeni institusional mexanizmlər təqdim edilir. Həmçinin tələb və təklifin uyğunlaşdırılması və proqnozlaşdırılması üzrə modellərlə tanış olmaq məqsədilə tematik seminarlar təşkil olunur.
15-17 noyabr 2016-cı il tarixlərdə “Bazar iqtisadiyyatına keçid və ixtisaslı kadrlara tələbatın proqnozlaşdırılması zərurəti. Çexiya Respublikasının təcrübəsi” adlı növbəti 5-ci tematik seminar keçirilmişdir. Seminarın proqramının əsasını təşkil edən mövzu və problemlərə Çexiya Respublikasında bu istiqamətdəki təkamül və mövcud vəziyyət prizmasından baxılmışdır. Son 10-15 ildə bazar iqtisadiyyatına keçmiş ölkədə bu sahədə işlənib hazırlanmış mexanizmlər, əmək bazarında insan resurslarına olan perspektiv tələbatın proqnozlaşdırılması metodologiyası, müxtəlif sahələr və bütövlükdə iqtisadiyyat üzrə kadrlara olan tələb və təklifin uyğunlaşdırıması üzrə konkret innovativ vasitələr təqdim edilmişdir.
Müzakirələr zamanı Çexiya təcrübəsi də insan resurslarına olan tələb və təklifin uyğunlaşdırılması və proqnozlaşdırılması probleminin olduqca mürəkkəb, çoxməqsədli, çoxkomponentli və çoxfaktorlu olduğunu bir daha ortaya qoydu və məqbul nəticələrin əldə edilməsi üçün müxtəlif yanaşma, metod və modellərin kombinasiyasından istifadə olunmasının zəruriliyini təsdiqlədi.
Son iki sessiyada Şərq Tərəfdaşlığı ölkələrinin əmək bazarında insan resurslarının proqnozlaşdırılması, tələb və təklifin uyğunlaşdırılmasının əsasını təşkil edən informasiya sisteminin yaradılması məqsəd və imkanları hər bir ölkənin nümayəndə heyəti tərəfindən müzakirə edilmişdir. Azərbaycanda ixtisaslı işçi qüvvəsinə tələb və təklifin uyğunlaşdırılması və proqnozlaşdırılması metodologiyasının işlənməsi üzrə öncədən hazırlanmış yol xəritəsi təqdim olunmuşdur.
Daha sonra Çexiya Respulikasının təhsil və məşğulluq üzrə Milli Observatoriyasında görüşlər keçirilmiş, Azərbaycanda ixtisaslı kadrlara olan tələb və təklifin tədqiqi, o cümlədən İnformasiya Texnologiyaları İnstitutunda insan resurslarının intellektual idarə edilməsi istiqamətində aparılan elmi araşdırmalar haqqında ətraflı məlumat verilmiş və əməkdaşlıq imkanları müzakirə edilmişdir.