Lazerin köməyilə məlumatların ötürülməsində rekord sürət qeydə alınıb 2016-11-22 11:27:59 / KONFRANSLAR

Almaniyanın Aviasiya və Kosmonavtika Mərkəzi boş ərazidə lazerin köməyilə məlumatların ötürülməsində rekord sürət qeydə alınması barədə məlumat verib.

 

3dnews.ru saytının məlumatına görə, sınaqlar zamanı xüsusi olaraq hazırlanmış avadanlığın tətbiq olunması ilə təxminən 10,5 kilometr məsafəyə informasiyanın ötürülməsinə müvəffəq olunub. Bu halda əlaqə kanalının ötürücülük qabiliyyəti 1,72 Tbit/s-ə çatıb.

 

Alman tədqiqatçılarının bu nailiyyəti ucqar regionların yüksək sürətli internetlə təmin olunması üçün yeni perspektivlər açır. Güman edilir ki, lazer sistemi geostasionar peyklərlə əlaqənin qurulması üçün istifadə oluna bilər.

 

Qeyd edək ki, bu texnologiyanı təcrübədə tətbiq etməzdən öncə, lazer şüaları yerin atmosferindən keçərkən əlaqə kanalının sabitliyinin təmin olunması istiqamətində işlər aparılmalıdır.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024