Elastik elektron kağız bütün rəng qammasını əks etdirəcək 2016-10-18 18:04:32 / KONFRANSLAR

Çalmers Universitetinin tədqiqatçıları Andreas Dalin və Kun Li Sun mikrometrdən də az qalınlığı olan elektron rəngli kağız hazırlayıblar. Kağız funksiyalarına görə, LED-ekranlarla oxşar olsa da, adi planşetdən 10 dəfə az enerji sərf edir.

 

Andreas Dalinin sözlərinə görə, rəngli kağız Kindle planşetinin ekranını xatırladır. O ənənəvi ekranlar kimi işıqlanmır, lakin xarici işığı daha tez əks etdirdiyindən kifayət qədər işıqlandırma olduqda yaxşı işləyir. Bu da kağızı qaranlıqda daha effektiv olan işıq diodu ekranlarından fərqləndirir.

 

techcult.ru saytının məlumatında bildirilir ki, hər şey polimerlərin əks olunan işığın miqdarına nəzarət etmək qabiliyyətindən asılıdır. Bütün səthi örtən polimerlər ekran vasitəsilə elektrik siqnallarını keçirir və yüksək ayırdetmə dəqiqliyinə malik təsvir yaradır.

 

Artıq bir neçə piksel nümunəsi sınaqdan keçirilib. Alimlər qırmızı, göy və yaşıl rənglərdən istifadə ediblər ki, onlar da LED-ekranlarda olduğu kimi qalan digər rəngləri birlikdə təşkil edirlər. Hazırda tədqiqatçılar ekranın bütün səthini örtəcək piksellərin hazırlamasıyla məşğuldurlar.

 

A.Dalin hesab edir ki, elektron kağız əsasında ekranlar yaxşı işıqlandırılmış ictimai yerlərdə məlumatlar, göstəricilər və informasiya ekranlarının təsviri üçün nəzərdə tutulmuş tablolarda tətbiq edilə biləcək.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024