Bu fikirləri AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev Elmi Şuranın iclasında çıxışı zamanı səsləndirib. Alim rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətlərinin günü-gündən genişləndiyini, prioritet elmi istiqamətlərdə araşdırmaların aparıldığını qeyd edib. “Dünyada İKT üzrə ən qabaqcıl biliklərin əldə olunması və cəmiyyətə ötürülməsi institutun əsas hədəflərindəndir”, – deyə bildirən alim bu məqsədlə elmə həvəsi olan gənc kadrların quruma cəlb olunmasının vacib məsələlərdən olduğunu deyib.
R.Əliquliyev institutun fəaliyyəti – burada həyata keçirilən innovativ layihələr və əldə olunan mühüm elmi nəticələrin kütləvi informasiya vasitələrində təbliğinin zəruriliyini vurğulayıb. Eyni zamanda institut əməkdaşlarını İKT sahəsində keçirilən ölkədaxili və beynəlxalq konfranslarda, seminar və treyninqlərdə fəal iştirak etməyə, öz biliklərini ictimaiyyətlə bölüşməyə çağırıb.
Alim son zamanlarda elm sahəsində plagiatlıqla bağlı ciddi problemlərin mövcud olduğunu qeyd edərək, bu kimi halların qarşısının alınması, elmi tədqiqatların beynəlxalq tələblərə uyğun və şəffaf şəkildə aparılması məqsədilə mühüm tədbirlərin görüldüyünü diqqətə çatdırıb. Bildirib ki, “Elm haqqında” Qanunda da plagiat və piratçılıqla mübarizə məsələlərinə xüsusi diqqət yetirilmişdir.
İKT üzrə yeni elmi istiqamətlərin hər zaman institutun diqqət mərkəzində olduğunu vurğulayan akademik proqram mühəndisliyi sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və yüksəkixtisaslı kadrların hazırlanması ilə bağlı tövsiyyələrini səsləndirib.
R.Əliquliyev, həmçinin elmi araşdırmaların səmərəli şəkildə aparılması və mühüm nəticələrin əldə olunması üçün müasir dövrün ən böyük tələblərindən olan ingilis dilini öyrənməyin önəmini xüsusi qeyd edib. Bu məqsədlə institutda dil kurslarının təşkili və əməkdaşların bu kurslarda fəal iştirakının vacibliyini önə çəkib.
Sonra institutun ümumi şöbəsinin müdiri Dinara Zeynalova çıxış edərək cari ilin iyun-sentyabr ayları üçün institut əməkdaşlarına verilmiş tapşırıqlar və onların icra vəziyyəti haqqında məlumat verib. O, müxtəlif problemlərə həsr olunmuş elmi seminarların təşkili, elmi-praktiki konfransların keçirilməsi, aparılan araşdırmalarla bağlı icmalların hazırlanması, institutun doktorant və dissertantlarının dissertasiya işlərinin icra vəziyyəti, elmi tədqiqatların nəticələrinə dair məqalələrin hazırlanması, AMEA Rəyasət Heyətinin qərar və sərəncamlarının icrası və digər tapşırıqların yerinə yetirilməsi ilə bağlı məlumatları diqqətə çatdırıb.
Daha sonra şöbə müdiri Mədinə Səidova institutun struktur bölmələrinin 2016-cı ilin I yarısı üçün hesabatlarının nəticələri, əməkdaşlar tərəfindən hazırlanmış kitab, ekspress-informasiya, tezis və məqalələr, doktorant və dissertantların dissertasiya işlərinin müdafiəsi, institutun təşkilatçılığı ilə keçirilmiş konfranslar, o cümlədən qrant layihələri barədə ətraflı məlumat verib.
Sonda institutun fəaliyyətinin daha səmərəli təşkili, kadr potensialının artırılması, elmi fəaliyyətin gücləndirilməsi və əmək intizamının artırılması istiqamətində geniş fikir mübadiləsi aparılıb, bir sıra kadr məsələləri müzakirə olunub.