Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası üçün informasiya sistemlərinin yaradılması nəzərdə tutulur 2016-10-18 15:21:47 / KONFRANSLAR

Müasir texnologiyalar əsasında elmin informasiya təminatının formalaşdırılması, inkişaf etdirilməsi, elmmetrik texnologiyaların köməyi ilə elmi fəaliyyətin təşkili və idarə olunması, idarəetmə qərarlarının qəbul edilməsinə informasiya dəstəyinin təmin edilməsi e-elmin mühüm məsələləridir. AMEA-da həyata keçirilən elektron elm layihəsi çərçivəsində bu istiqamətdə Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası üçün “Elmi problemlər reyestri” və “Dissertasiya mövzularının reyestri” informasiya sistemlərinin yaradılması nəzərdə tutulur.

 

Bu barədə AMEA İnformasiya Texnologiyaları İnstitutunun texnologiyalar üzrə direktor müavini Rəşid Ələkbərov institutun Elmi Şurasının iclasında məlumat verdi. Bildirdi ki, Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının nəzdində müvafiq elmi problemlər üzrə 16 elmi şura fəaliyyət göstərir. Respublikanın elmi qurumlarının elmi istiqamət və problemlərinin, dissertasiya mövzularının vahid bazada saxlanması elmi şuraların fəaliyyəti üçün  mühüm informasiya dəstəyi olacaq.

 

Məruzəçi, həmçinin informasiya sistemlərinin yaradılması üçün məlumatların daxil edilməsi formalarının hazırlandığını və hesabatların keçirilməsi üçün çıxış sənədlərinin müəyyənləşdirildiyini qeyd etdi.

 

İnformasiya sistemlərinin yaradılmasının konseptual məsələlərini, arxitektur prinsiplərini nəzərə çatdıran alim, verilənlər bazalarının AzScienceNet elm kompüter şəbəkəsinin Verilənlərin Emalı Mərkəzində yerləşdiriləcəyini və onlayn rejimdə istismar ediləcəyini bildirdi.  

 

Sonra R.Ələkbərov qeyd etdi ki, informasiya sistemlərinin yaradılması elmdə idarəetmə qərarlarının qəbul edilməsinə dəstəyin təmin olunmasında, elmi tədqiqatlarda təkrarçılığın aşkarlanmasında, aparılan araşdırmaların və büdcə vasitələrinin istifadəsinin effektivliyinin artırılmasında, bibliometriklik və elmmetriklik təhlillərin aparılmasında, elmi qurumların fəaliyyətlərinin qiymətləndirməsində, həmçinin operativlik, dəqiqlik və şəffaflığın təmin olunmasında mühüm rol oynayacaq.

 

Məruzə ətrafında fikir mübadiləsi aparıldı, rəy və təkiflər səsləndirildi.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024