AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi Şurasının iclasında Viki Mərkəzin fəaliyyəti müzakirə edilib.
Tədbirdə çıxış edən Mərkəzin rəhbəri, sektor müdiri İradə Ələkbərova Viki Mərkəzdə aparılan elmi araşdırmalar barədə ətraflı məlumat verib. Viki-mühitdə gizli sosial şəbəkələrin, informasiya təsirinin və böyük verilənlərlə bağlı problemlərin analizi, viki texnologiyaların elektron kitabxanalara tətbiqi perspektivlərinin analizi, viki layihələrin bulud texnologiyaları ilə müqayisəli analizi kimi elmi-tədqiqat işlərinin yerinə yetirildiyini diqqətə çatdırıb. Qeyd edib ki, bu elmi araşdırmaların nəticələri nüfuzlu elmi jurnallarda dərc olunub.
İ.Ələkbərovanın sözlərinə görə, AMEA-nın institut və təşkilatları, digər dövlət qurumları əməkdaşlarına Vikipediyada işləmək bacarığının aşılanması üçün mühazirə və seminarlar təşkil edilmiş, “Vikipediya ensiklopediyasının nəzəri və praktiki əsasları” kursları təşkil olunmuşdur. 2016-cı ilin iyun-iyul aylarında kurslarda AMEA-nın 10 elmi-müəssisə və təşkilatından viki-qrupları təmsil edən 38 alim və mütəxəssis iştirak etmiş, “Vikipediya virtual ensiklopediyasının nəzəri və praktiki əsasları” adlı dərs kitabı hazırlanmışdır.
Məruzəçi qeyd edib ki, Mərkəzdə Vikipediyanın Azərbaycan dili seqmentində ölkənin maraqlarına zidd olan kontentin, AMEA-nın institut və təşkilatları, alimlərimiz haqqında ensiklopedik məqalələrin, “Vikikitab” layihəsində ölkə ilə bağlı elektron kitab və jurnalların, Vikipediyanın “Commons” layihəsində isə Azərbaycanla bağlı multimedia fayllarının müntəzəm olaraq monitorinqi aparılır.
Viki-mühitin kontent təminatı ilə əlaqədar görülən işləri nəzərə çatdıran məruzəçi bildirib ki, Azərbaycan xalqının milli-mənəvi dəyərləri, tarixi həqiqətləri, tanınmış şəxsləri haqqında məlumatları özündə əks etdirən kontentlər Vikipediya ensiklopediyasına daxil edilmiş, virtual məkanda Azərbaycan xalqının milli-mənəvi dəyərləri və həqiqətləri haqqında kontentlərin artırılmasına alim və mütəxəssislər cəlb olunmuşdur.
Azərbaycan dilində viki-kontentin tərcümə edilərək digər dillərdə mövcud olan viki-layihələrə daxil edilməsi işlərinin davam etdirildiyini söyləyən İ.Ələkbərova “Vikikitab” layihəsində alimlər haqqında biblioqrafik məqalələrin yaradılması, Azərbaycanla bağlı elektron kitab və jurnalların materiallarının yüklənməsinin təşkili barədə məlumat verib. Qeyd edib ki, “Commons” layihəsində də Azərbaycanla bağlı multimedia fayllarının yerləşdirilməsi prosesi davam etdirilir.
O, Vikipediyada Azərbaycan alimləri haqqında ensiklopedik məqalə və kitabların sayı ilə bağlı statistik göstəriciləri diqqətə çatdırıb, ensiklopediyanın populyarlaşdırılması və təbliğatı, o cümlədən Viki Mərkəzin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində görülmüş işlərdən danışıb.
AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev AMEA rəhbərliyi tərəfindən Viki Mərkəzin fəaliyyətinin yüksək qiymətləndirildiyini bildirərək qeyd edib ki, Mərkəz Vikipediyada Azərbaycan Respublikasının milli maraqlarının qorunması üçün zəruri tədbirlərin görülməsi, ölkəmizə qarşı real və potensial təhlükə mənbələrinin vaxtında aşkar edilməsi məqsədilə AMEA Rəyasət Heyətinin 15 yanvar 2014-cü il tarixli qərarı ilə yaradılmışdır.
“Virtual Azərbaycan”ın yaradılması üçün viki-vətəndaşların yetişdirilməsinin zəruriliyini qeyd edən alim mərkəzdə təşkil olunmuş kursların bu məqsədə xidmət etdiyini və AMEA əməkdaşlarının “Vikipediyanın virtual əsgəri”nə çevrilməsində xüsusi rol oynadığını vurğulayıb.
Alim Vikipediya ensiklopediyasında baş verən prosesləri izləmək üçün mərkəz tərəfindən mütəmadi olaraq vikimetrik tədqiqatlar və monitorinqlərin aparıldığını bildirərək mərkəzdə viki-tədris işlərinin genişləndirildiyini söyləyib. Həmçinin Naxçıvanın elmi-tədqiqat və ali təhsil müəssisələrində viki-treninqlərin keçirilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.
Məruzə ətrafında gedən müzakirələrdə institutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov, layihə baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru Şəfəqət Mahmudova və digərləri çıxış edərək rəy və təkliflərini səsləndiriblər.