Əlövsət Əliyev: “Biliklər iqtisadiyyatının inkişafında İKT-nin dayanıqlılığının artırılması zəruridir” 2016-10-05 13:53:53 / KONFRANSLAR

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 8 saylı şöbəsinin növbəti elmi seminarı keçirilib.

 

“Azərbaycanda informasiya cəmiyyətinin qurulması və biliklərə əsaslanan iqtisadiyyatın inkişafında təbii fəlakət risklərinin azaldılmasının idarə edilməsi məqsədilə İKT-dən istifadənin dayanıqlılığının artırılması məsələləri” adlı məruzəni təqdim edən şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev ölkəmizdə sosial-iqtisadi baxımdan ümumi vəziyyət, informasiya cəmiyyəti və biliklər iqtisadiyyatının formalaşdırılması problemləri barədə ətraflı məlumat verib. Bildirib ki, biliklər iqtisadiyyatının inkişafında İKT-nin dayanıqlılığının artırılması istiqamətində tədbirlərin həyata keçirilməsi vacib məsələlərdəndir.

 

İnformasiya cəmiyyətinə keçidin təmin olunması üçün qəbul olunmuş qanunvericilik bazası barədə danışan məruzəçi bu baxımdan “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”nın xüsusi əhəmiyyətə malik olduğunu vurğulayıb. Ə.Əliyev, həmçinin bu istiqamətdə görülmüş işləri nəzərə çatdıraraq effektiv e-dövlət xidmətlərinin təqdim olunmasının risklərin azaldılması mənbəyi kimi böyük önəm daşıdığını qeyd edib.

 

O, informasiyanın təqdim olunmasına məsul olan dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, ekoloji fəlakət və təbii fəlakətlərin baş vermə səbəblərini diqqətə çatdırıb, onların qarşısının alınması istiqamətində görüləcək tədbirlər, o cümlədən bu istiqamətdə elmi-tədqiqat işlərinin yerinə yetirilməsi ilə bağlı tövsiyələrini səsləndirib.

 

Məruzə ətrafında geniş fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024